ICIEC Azərbaycanın "yaşıl artım" proqramını dəstəkləməyə sadiqdir

image

İslam İnvestisiya və İxrac Kredit Sığortası Korporasiyası (ICIEC) Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərini dəstəkləməyə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi artıma və "yaşıl artım" proqramını təşviq etməyə tam sadiqdir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə özəl müsahibəsində ICIEC baş direktoru Usama Kaysi deyib.

"Bu, bizə ölkə daxilində yaşıl investisiyaların təşviqində mühüm rol oynamağa imkan verəcək. Azərbaycan külək və günəş enerjisi, karbonsizləşdirmə, "yaşıl" hidrogen, "yaşıl ammonyak" kimi davamlı və ekoloji cəhətdən təmiz layihələrdə çox fəal iştirak edir. Digər tərəfdən, ICIEC Türkiyədə külək stansiyaları, Şarjada (BƏƏ) tullantıdan enerji layihəsi, Misirdə Benban günəş layihəsi, günəş suvarma, eləcə də Uqandada iqlim dəyişikliyi ilə bağlı layihələr kimi bərpa olunan enerji layihələrində geniş təcrübəyə malikdir. ICIEC həmçinin İslam İnkişaf Bankı Qrupunun (İİB) Ərzaq Təhlükəsizliyinə Cavab Proqramında iştirak edir", - deyə o bildirib.

Usama Kaysi qeyd edib ki, buna görə də ICIEC əsas dövlət layihələrini, o cümlədən dövlət-özəl tərəfdaşlıq layihələrini dəstəkləməklə Azərbaycan iqtisadiyyatına töhfə verəcək:

"Biz davamlı inkişaf təşəbbüslərini formalaşdırmaq və həyata keçirmək üçün Azərbaycan institutları və maraqlı tərəflərlə sıx işləməyə sadiqik. Məqsədimiz davamlı iqtisadi artım üçün ən yaxşı təcrübələri təşviq etmək və ekoloji cəhətdən məsuliyyətli investisiyaları təşviq etməkdir. Bu tədbirlər bizə Azərbaycanın inkişaf məqsədlərinə səmərəli şəkildə uyğunlaşmağa imkan verəcək, ölkənin daha dayanıqlı və firavan gələcəyinə töhfə verəcək".

ICIEC işğaldan azad edilmiş ərazilərə investisiyalar cəlb etməklə, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat, rabitə, səhiyyə kimi müxtəlif sektorlarda xarici investorları sığorta təminatı ilə Azərbaycan hökumətinin “Böyük Qayıdış Proqramı”na mütləq töhfə verəcək".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *