İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

image

Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

"Berpaolunanenerji.az" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İclasda ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılıb, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilmiş, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı meşə fondunun bərpasını nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” haqqında qrup üzvlərinə məlumat verilib. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar Cəbrayıl şəhərinin yaxınlığında hər biri 20 hektar olmaqla payız əkini mövsümündə qapalı kök sistemli tingliyin və “Dostluq meşəsi”nin salınması, “Təlim mərkəzi”nin yaradılması işlərinə başlanılıb. Sözügedən tinglik müəssisəsinin yaradılması bu ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirlməsinə böyük təkan verəcək.

“İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiyası haqqında Energetika Nazirliyi tərəfindən məlumat verilib. Yaşıl Enerji Zonası Konsepsiyası çərçivəsində bərpaolunan enerji mənbələri potensialından maksimum istifadə, enerji təchizatı ssenariləri, habelə müxtəlif ssenarilər üzrə günəş panelləri, günəş kollektorları, istilik nasosları və digər enerji səmərəli və yaşıl texnologiyaların tətbiqi variantlarına dair yanaşmalar təqdim edilir. Bundan əlavə küçələrin işıqlandırılmasında, ictimai binaların enerji təchizatında yaşıl texnologiyalardan istifadə, habelə müxtəlif fəaliyyət sahələrində enerji səmərəli innovativ yanaşmaların tətbiqi imkanları haqqında məlumat verilib.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının planlaşdırılması və bununla əlaqədar digər işçi qrupları ilə aparılan müzakirələr haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *