Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası videokonfrans formatında keçirilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının 16 sentyabr tarixli iclasından irəli gələn vəzifə və tapşırıqların İşçi Qrup tərəfindən icrası ilə bağlı məsələlər müzakirə olunub.
İşçi Qrupunun ötən iclasından keçən müddət ərzində müvafiq ərazilərimizdə enerji təyinatlı infrastrukturun bərpasından irəli gələn tədbirlərlərin icrası, qəbul edilmiş qərarların həyata keçirilməsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib. İşçi Qrupunun üzvləri tərəfindən ötürücü və paylayıcı elektrik veriliş xətlərinin çəkilməsi, müvafiq yarımstansiyaların qurulması və s. kimi istiqamətlərdə təqdim edilən məlumatlar dinlənilib, suallar cavablandırılıb.
Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb. Elektrik enerjisi infrastrukturunun qurulması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb, elektrik yarımstansiyalarının inşasının davam etdirildiyi vurğulanıb. İstilik təchizatı sisteminin əsasını təşkil edən qazanxanaların əksəriyyətinin elektrik enerjisi ilə işləyəcəyi nəzərə alınmaqla infrastruktur layihələri içərisində elektrik enerjisi ilə təminatın xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib. Cari il sentyabrın 19-da Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə yerində baxış keçirildiyi bildirilib və monitorinqin nəticələri barədə təqdimat nümayiş etdirilib, məhəllədaxili və binadaxili istilik sistemləri üzrə görülmüş işlərlə bağlı məlumat verilib.
Cəbrayıl rayonu ərazisindəki Araz çayının su və energetika ehtiyatlarının Azərbaycan və İran tərəfindən birgə istifadəsinə imkan verəcək “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi üzrə görülən işlər və stansiyaların gələcək istismarına dair məsələlər nəzərdən keçirilib.
İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, işçi qruplar arasında koordinasiyanın effektivliyinin artırılması və zərurət yarandıqda birgə iclasların keçirilməsi praktikasına üstünlük verilməsi tövsiyə olunub.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Rəylər (0):