İdarələrarası Mərkəzin enerji təminatı və ekoloji məsələlər üzrə işçi qruplarının Ağdamda birgə iclası keçirilib

image

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” və “Ekoloji məsələlər üzrə” işçi qruplarının iyulun 6-da Ağdam şəhərində birgə iclası keçirilib.

"Berpaolunanenerji.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, Ağdam şəhərinə səfər çərçivəsində tikilməkdə olan “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına, məhv edilmiş təbiət abidəsi statusuna malik iki ədəd Şərq çinarı ağacına, həmçinin Tərtər rayonunda yerləşən “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarına, su anbarına və 35/10/2.5 kilovoltluq yarımstansiyaya baxış keçirilib.

İclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidən qurulması, enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər, həmçinin ekoloji mühitin qorunması, uzun illər ərzində yaranmış ekoloji problemlərin həlli, resurslardan səmərəli istifadənin təmin olunması və ekoloji təmiz texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “Yaşıl enerji zonası Konsepsiyası”nın tətbiqinə dair müzakirələr aparılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasının gedişi ilə bağlı məlumat verilib. “Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın “TEPSCO” şirkəti tərəfindən hazırlanmış aralıq hesabat nəzərdən keçirilib.

Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli enerji ilə təminatı ssenariləri, eləcə də şəhərlərin enerji təminatında bərpaolunan enerjidən istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağda, o cümlədən Ağdamda relyefin və iqlimin xüsusiyyətləri, su ehtiyatları, əsas su fondu hesab olunan çay axınlarına dair məlumat verilib. İşğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da su təsərrüfatı infrastrukturunun tam dağıdıldığı, ekologiyaya ciddi ziyanların vurulduğu qeyd olunub. Qarabağ ərazisində yeraltı su ehtiyatlarından “yaşıl enerji” potensialı kimi istifadənin perspektivləri müzakirə olunub.


 

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *