2060-cı ilədək Azərbaycana "yaşıl" enerjinin transformasiyası üçün 44 milyard ABŞ dolları lazım olacaq ki, bu da ölkənin ümumdaxili məhsulunun (ÜDM) təqribən 3,2 faizini təşkil edir.
Renewables.az Trend-ə istinadla xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Dünya Bankı Qrupunun dərc etdiyi Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatının (CCDR) təqdimatında deyib.
"Azərbaycan iqlim dəyişikliyinə qarşı dayanıqlılığı artırmaq üçün əsas diqqəti iqtisadiyyatın dekarbonizasiyasına və enerji sektorunun dayanıqlılığını artırmağa yönəltməlidir. Hesabatda qeyd olunub ki, bu transformasiya üçün Azərbaycana 2060-cı ilədək təqribən 44 milyard dollar lazım olacaq ki, bu da ölkənin ÜDM-nin təqribən 3,2 faizini təşkil edir", - o deyib.
IFC nümayəndəsinin sözlərinə görə, Azərbaycanın planlarına artıq 2030-cu ilədək istixana qazları tullantılarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılması daxildir.
"Bundan başqa, ölkə 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən elektrik enerjisi hasilatının payını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hesabatda bu məqsədlərin əlçatan olduğu və Azərbaycanın bu istiqamətdə çox səylər göstərdiyi qeyd olunur", - deyə o vurğulayıb.
Duarte, həmçinin, qeyd edib ki, Azərbaycan suyun məhsuldarlığını artırmaq və gələcək tələbatı qarşılamaq məqsədilə suvarmanın effektivliyinin artırılmasına və mövcud su sistemlərinin modernizasiyasına fokuslanmalıdır.
"Fermerlər və kiçik sahibkarlığa dəstək Azərbaycanda "yaşıl" iqtisadiyyata keçidin səmərəliliyini artırmaq üçün mühüm əhəmiyyət kəsb edəcək", - deyə o əlavə edib.
Sonda IFC nümayəndəsi Dünya Bankının Azərbaycana transformasiya yolunda dəstək göstərəcəyini qeyd edib.
Rəylər (0):