IFC Azərbaycanı "yaşıl" energetikada özəl sektorun iştirakını artırmağa çağırır

image

Özəl sektorun iştirakının genişləndirilməsi Azərbaycanda "yaşıl" enerjinin inkişafı üçün vacibdir.

Renewables.az Trend-ə istinadla xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Dünya Bankı Qrupunun dərc etdiyi Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatının (CCDR) təqdimatında deyib.

"Ölkə üzrə İqlim və İnkişaf Hesabatında bir sıra mühüm problemlər və ölkənin "yaşıl" enerjiyə keçidinə nail olmaq üçün bir çox imkanlar qeyd olunub. Hesabatın mühüm nəticələrindən bir çoxu ölkənin energetikasında özəl sektorun inkişafını vurğulayır", - deyə IFC nümayəndəsi qeyd edib.

Duarte Azərbaycanda bərpa olunan enerji mənbələrinin istehsalını təşviq etmək və enerji səmərəliliyini artırmaq üçün investisiyalardan istifadənin əhəmiyyətini vurğulayıb.

"Bunu birbaşa və ya dövlət-özəl tərəfdaşlığı vasitəsilə etmək mümkündür", - o deyib.

Duarte daha sonra Azərbaycan Mərkəzi Bankının (AMB) müxtəlif təşəbbüslər vasitəsilə davamlı maliyyələşdirmənin inkişafına və iqlim dəyişikliyi ilə əlaqədar problemlərin həllinə aktiv şəkildə imkan yaratdığını qeyd edib.

"Lakin inkişafın lazımi miqyasına nail olmaq üçün xüsusən bərpa olunan enerjiyə daha çox özəl investisiya lazımdır. Ölkə düzgün istiqamətdə hərəkət edir, lakin iqlim dəyişikliyi ilə əlaqədar risklərin yüngülləşdirilməsi üçün əlavə yardıma ehtiyacı var. Özəl sektorun inkişafı aşağı karbonlu gələcəyə keçid üçün həlledici əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Duarte Dünya Bankı Qrupunun Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı (CCDR) dərc olunub. Hesabatda hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzrə məqsədlərinə cavab verən dekarbonizasiya və dayanıqlılığın artırılması üzrə tədbirlər işıqlandırılıb, həmçinin enerji sistemi və nəqliyyat, tikinti və sənaye kimi son istifadə sektorlarına, eləcə də su resursları və kənd təsərrüfatına xüsusi diqqət yetirilib.

Duarte jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan bərpa olunan enerji mənbələri, əsasən günəş və külək enerjisi üzrə zəngin resurslarından istifadə üçün mühüm potensiala malikdir.

Onun sözlərinə görə, hesabat Azərbaycanda hazırki vəziyyəti və Paris sazişinə əsasən, ölkədə istixana tullantılarının azaldılması üzrə məqsədlərə nail olmaq üçün görülməli işləri qiymətləndirir.

"Özəl sektorun iştirakı, eləcə də bu sahədəki bilik və bacarıqlar Azərbaycanın bu məqsədlərə nail olmasında mühüm rol oynayacaq. Biz bərpa olunan enerji sahəsində, misal üçün, elektromobil, iqlim dəyişikliklərinə dayanıqlı kənd təsərrüfatı və əlbəttə ki, maliyyə sektorunda özəl kapital və biliklərin istifadəsi ilə bağlı böyük potensial görürük. Bu həm birbaşa investisiyalar, həm də dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilə bilər", - Duarte deyib.

Regional menecer IFC-nin daima Azərbaycanı iqtisadiyyatın inkişafı və diversifikasiyası üzrə səylərində dəstəklədiyini və hazırda ölkəyə aşağı karbonlu iqtisadiyyatda keçiddə yardım göstərdiyini bildirib.

"Biz Azərbaycanı dəstəkləməyə və ölkənin dövlət və özəl sektorlarına öz məqsədlərinə nail olmaqda yardım göstərməyə davam edəcəyik", - deyə o vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *