İlham Əliyev Münxendə EIB prezidenti ilə görüşüb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.

"Renewables.az" Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət  başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirib.

Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini deyib.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladıb.

Dövlət başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğulayıb. Dövlət başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırdı, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını deyib.

Verner Hoyer Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırıb. V. Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu bildirib. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib.

Görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *