İlham Əliyev Zəngilan rayonunda “Sarıqışlaq” KSES-də tikinti işlərinin gedişi ilə tanış olub

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.

Qeyd olunub ki, yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşıb. Maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin “Şayıflı” Kiçik Su Elektrik Stansiyasından çıxan suyun “Sarıqışlaq” SES-ə ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su elektrik stansiyasının suqəbuledicisi ilə stansiyaarası məsafə 5239 metrdir. “Sarıqışlaq” SES-in turbinlərindən keçən suyun heç bir itki olmadan “Zəngilan” KSES-ə ötürülməsi istiqamətində işlər davam etdirilir.

Bu stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğunun tikintisi, istehsal olunacaq elektrik enerjisinin enerjisistemə inteqrasiyası və stansiyada avtomatik idarəetmə sisteminin qurulması da nəzərdə tutulub. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Sarıqışlaq” SES-də il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Qeyd edək ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.

Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *