Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (IsDB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Renewables.az" bu barədə Nazirliyə istinadən xəbər verir.
Nazir IsDB ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, energetika layihələrinə bankın dəstəyini vurğulayıb.
Azərbaycanda enerji sahəsində aparılan islahatlar, böyük həcmdə “yaşıl enerji”, o cümlədən yaşıl hidrogen istehsalı və ixracı perspektivləri, enerji səmərəliliyi və enerji tənzimləmə sahələrində görülən işlər haqqında məlumat verilib. Ölkəmizdə bərpa olunan enerji istehsalı və ötürülməsi istiqamətində reallaşdırılacaq meqa layihələr üzrə Bankla geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib.
İslam İnkişaf Bankı qrupunun prezidenti öz növbəsində bankın infrastruktur layihələri, texniki dəstək, maliyyə yardımları, özəl sektorun inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verib. Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində həyata keçiriləcək layihələrə, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Rəylər (0):