Leo Dokerti: "Azərbaycan enerji sahəsində vacib rol oynayır"

image

ADA Universitetinin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Birləşmiş Krallığın xarici siyasət prioritetləri" mövzusunda müzakirələr keçirilib.

"Renewables.az"ın məlumatına görə, müzakirədə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ölkələrimiz arasında əməkdaşlığın əvvəllər daha çox enerji resurslarına əsaslansa da, indi müxtəlif sahələri əhatə etdiyini, gələcəkdə isə daha da şaxələnəcəyini bildirib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan nazir qeyd edib: “Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir”.

Ölkəmizin, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini söyləyən nazir diqqətə çatdırıb ki, rəsmi Azərbaycan enerji və nəqliyyat sahəsində vacib rol oynayır.

Müzakirədən sonra jurnalistlərə açıqlama verən Leo Dokerti Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdən danışaraq deyib ki, iki ölkənin münasibətləri yüksək səviyyədədir. Böyük Britaniyanın Azərbaycanla xüsusilə neft-qaz sahəsində uzunmüddətli əlaqələri var. bp şirkəti Azərbaycanda ən böyük xarici investordur.

“Uzun illər bu sahədə çox uğurlu əməkdaşlığımız olub. Lakin təbii ki, münasibətlərimiz yalnız bu sahəni əhatə etmir. Təhsil, bərpaolunan enerji, digər biznes sahələri, inşaat və başqa sahələri də qeyd edə bilərəm. Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır”, - deyə Leo Dokerti diqqətə çatdırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *