Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda Konfrans keçirilib

image

ABŞ-ın Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut ilə birgə Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda Konfrans təşkil edib.

Renewables.az bu barədə Azərbaycanın Britaniyadakı Səfirliyinə istinadən xəbər verir.

Konfrans zamanı Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükəsizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafı kimi məsələlərə dair perspektivləri müzakirə olunub.

Tədbirdə çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tim Stern növbəti ilin yaz aylarında Britaniyanın Enerji Təhlükəsizliyi Konfransına ev sahibliyi edəcəyi barədə məlumat verib və istər enerji təhlükəsizliyi, istərsə də alternativ enerjiyə keçiddə Xəzər hövzəsi ölkələrinin əhəmiyyətli roluna diqqət çəkib. O, Britaniyanın Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.

Azərbaycanın Britaniyadakı Səfirliyinin müşaviri Günel Səlimova Azərbaycanın regional və qlobal konnektivliyə, o cümlədən Orta dəhlizin işləkliyinə verdiyi töhfələrdən bəhs edib. Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğunu bildirən G.Səlimova həmçinin azad edilmiş ərazilərdəki infrastruktur və alternativ enerji layihələrinə diqqət çəkib, beynəlxalq tərəfdaşları Azərbaycanın Qarabağda apardığı yenidən qurma işlərinə dəstək verməyə çağırıb.

Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər hövzəsi regionunun strateji əhəmiyyəti, xüsusən enerji təchizatının şaxələndirilməsindəki rolundan, Orta Dəhliz vasitəsi ilə enerji daşımaları sahəsində görülən işlərdən söz açıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *