Naxçıvan “yaşıl enerji”nin əsas mənbəyidir

image

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Naxçıvan Muxtar Respublikasında da alternativ və bərpaolunan enerji güclərinin yaradılması istiqamətində işlər davam etdirilir.

"Renewables.az" Nuhçıxan İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı zamanı bildirdi ki, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ən azı 500 meqavatlıq günəş enerjisi stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir.

Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması digər sahələr kimi, enerji sahəsinin də inkişafına böyük əngəllər yaradıb. Amma Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji təhlükəsizliyi ilə bağlı görülən işlər bu sahənin hərtərəfli inkişafına zəmin yaradıb, nəticədə, Naxçıvan enerji idxalçısından ixracat potensialına qədər böyük bir yol qət edib. Yeri gəlmişkən, ötən həftə Azərbaycan Respublikası Energetika Nazirliyinin rəsmiləri də Naxçıvanda olub, yaşıl enerji layihələrinin reallaşdırılması və elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası üzərindən ixrac məsələləri müzakirə edilib.

Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə gələcəkdə Avropa və Türkiyəyə enerji ixracı nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan Muxtar Respublikasına çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarlarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin inkişafına öz töhfəsini verəcək.

2015-ci ilə qədər muxtar respublikada bərpa olunan enerji mənbəyi kimi sadəcə su elektrik stansiyalarından istifadə olunurdu ki, onların da ümumi gücü 70,4 meqavat idi. 2015-ci ildən isə Naxçıvanda günəş elektrik stansiyaları qurulmağa başlandı. İlk olaraq Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş Elektrik Stansiyası tikildi və sonradan gücü 2 meqavat artırıldı. 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası quruldu və 2020-ci ildə həmin stansiyanın layihə gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırıldı. O cümlədən Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Zeyvə kəndində 7,9 hektar sahədə tikilən 5 meqavatlıq Günəş Elektrik Stansiyasının gücü artırılaraq 11 meqavata çatdırılıb.

Culfa rayonunda küləyin davamlılığı nəzərə alınaraq Gülüstan kəndində Külək-Günəş Hibrid Elektrik Stansiyası qurulub. 1,1 meqavat olan bu stansiyada həm külək, həm də günəşdən enerji istehsal olunur. İstifadəyə verilən Culfa Külək Elektrik Stansiyası gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsinə, yaşıl enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasına və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaq.

Hazırda muxtar respublikada Araz çayı üzərində derivasiya tipli 32 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və 15,6 meqavat güclü derivasiya tipli Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir. Muxtar respublikanın ən böyük enerji mənbəyi olacaq Ordubad Su Elektrik Stansiyasında il ərzində 190 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək ki, bu da Naxçıvanın enerji ixracına yeni imkanlar açacaq.

Bəli, bir zamanlar enerji qıtlığından əziyyət çəkən Naxçıvan artıq bu gün mühüm enerji istehsal edən bir bölgəyə çevrilib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən müasir dövlətimizin gücü, onun iqtisadiyyatının bir göstəricisidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *