Naxçıvanın enerji təminatının yaxşılaşdırılması üzrə yaradılmış İşçi qrupu muxtar respublikada səfərdə olub

image

Energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi İşçi qrupun Naxçıvana səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, eləcə də muxtar respublikanın Dövlət Energetika və Qaz İstismar Xidmətlərinin əməkdaşları ilə görüşlər keçirilib.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, görüşlərdə Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonasına çevrilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş hədəflərdən biri olduğu qeyd edilib.

Naxçıvanda elektrik enerjisi və qaz təchizatının hazırkı vəziyyəti, gələcək hədəflər, istehlakçıların enerji resursları ilə təminatında dayanıqlılığın artırılması, institusional islahatların aparılması, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi və digər məsələlər müzakirə olunub.

İşçi qrupu üzvləri Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına, Naxçıvan Modul Elektrik Stansiyasına, Naxçıvan Qaz Kompressor Stansiyasına və Naxçıvan Günəş Elektrik Stansiyasına baxış keçiriblər, stansiyaların fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, İşçi qrupu Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin səlahiyyətli nümayəndələrindən ibarətdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *