Nazir: "Azərbaycanın bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi mövqeyi gücləndiriləcək"

image

25 qiqavatadək "yaşıl enerji" istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və "yaşıl" hidrogenin təchizatçısı kimi Azərbaycanın mövqeyini gücləndirəcək.

"Renewables.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

P.Şahbazovun sözlərinə görə, qlobal enerji təhlükəsizliyinə davamlı töhfələri ilə ölkəmizin enerji və geosiyasi əhəmiyyəti daha da möhkəmlənir və Avropa İttifaqı Azərbaycanla enerji tərəfdaşlığının yeni səviyyəyə yüksəlməsində maraqlıdır:

"Ötən ilin iyulunda Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, dekabrda isə dörd ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması bunun bariz nümunələridir. Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. "Yaşıl enerji" tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin priorietləri sırasındadır.

Bütün bunlar Azərbaycan Prezidentinin enerji siyasətini qlobal çağırışlarla uzlaşdıran, ölkəmizin hər zaman qüdrətli olmasını hədəfləyən strateji baxışlarına və əlbəttə ki, memarı Heydər Əliyev olan enerji müstəqilliyimizə əsaslanır.

Beləliklə, bu nailiyyətlərin hər birini diqqətlə təhlil edərkən Ulu Öndər Heydər Əliyevin qərar və təşəbbüslərinin nə qədər strateji əhəmiyyət daşıdığını, zamana geniş rakurslu baxışları əks etdirdiyini və Azərbaycanın uzaq milli hədəflərini özündə ehtiva etdiyini görürük. Heydər Əliyev ideyaları məhz bu səbəbdən alternativsiz və əbədidir".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *