Nazir: "Neftlə zəngin Azərbaycan BƏƏ-nin dəstəyi ilə bərpaolunan enerji mənbələrinin xalis ixracatçısı olmaq istəyir"

image

Neftlə zəngin Azərbaycan bərpaolunan enerji mənbələrinin xalis ixracatçısı olmaq istəyir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu BƏƏ-nin "Emirates News Agency-WAM"a açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, BƏƏ ilə tərəfdaşlıq bu məsələdə həlledici rol oynayacaq.

"Azərbaycan ənənəvi olaraq neft-qaz hasilatı və ixracatçısı, həmçinin elektrik enerjisinin xalis ixracatçısı olub. İndi biz bərpaolunan enerji mənbələrini dinamik şəkildə inkişaf etdiririk. Biz tərəfdaşlarımız, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə gələcəkdə də yaşıl enerji ixrac edəcək ölkə olacağıq”, - deyə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bildirib.

Azərbaycanın bərpaolunan enerji mənbələrində hədəfləri ilə bağlı sualı cavablandıran nazir deyib: "Biz 2030-cu ilə qədər bərpaolunan mənbələrin payını 30 faizə çatdırmaq niyyətindəyik. Lakin bu, həm də son məqsəd deyil. Əminəm ki, qarşıdakı dövrlərdə bunu edəcəyik. Bəlkə hədəfi artırdıq."

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, Azərbaycanın təxmin edilən günəş enerjisi potensialı 23 040 meqavat (MVt) təşkil edir.

BƏƏ ilə əməkdaşlığa toxunan nazir deyib: "Biz BƏƏ-nin enerji sektorumuzda daha geniş və hərtərəfli iştirakı ilə bağlı çox intensiv müzakirələr aparırıq. BƏƏ ilə birlikdə həyata keçirmək üçün çox iddialı planlarımız var. Biz BƏƏ ilə uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik". 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *