Nazir: "Yaşıl enerji güclərinin yaradılması və ixracı planları "Kəmər və yol"u yaşıl bağlantılarla zənginləşdirəcək"

image

"2030-cu ilədək 7 QVt yaşıl enerji güclərinin yaradılması və bunun 5 QVt-nın Xəzər-Avropa İttifaqı və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə ixracı, həmçinin elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan Avropaya ötürülməsi planları “Kəmər və yol”u yaşıl bağlantılarla zənginləşdirəcəkdir".

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Çində keçirilən 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli tədbirdə çıxışı zamanı deyib.

Nazir çıxışında “Bir kəmər, bir yol” layihəsinin qlobal təchizat zəncirində qeyri-müəyyənliklərin idarə edilməsi üçün alternativ nəqliyyat dəhlizləri və enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən marşrutlar təqdim etməklə böyük bir coğrafiyada inkişafa, təhlükəsizliyə və sabitliyə xidmət etdiyini deyib: "Azərbaycan Prezidentinin Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliklə bağlı siyasəti işğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturlarının, perspektivdə Zəngəzur enerji-nəqliyyat dəhlizinin yaradılması ilə Orta Dəhlizin yeni qollarla inkişafına yol açır. Bütün bunlar, eləcə də Azərbaycanın 6 neft-qaz kəməri kimi qitələri, dənizləri birləşdirən enerji bağlantıları Çinin meqa layihəsinin milli təşəbbüslərimizlə birləşməsinin real örnəkləridir".

Qeyd edək ki, Forumda qəbul olunan “Bağlantılar üzrə Əməkdaşlığın Dərinləşdirilməsi üzrə Pekin Təşəbbüsü”nə Azərbaycan da qoşulub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *