Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə investisiya layihələrinin təqdimatı ("Investment Roadshow") keçirilib.
"Renewables.az"a AZPROMO-dan verilən məlumata görə, Azərbaycanın yaşıl enerji ilə bağlı 2 investisiya layihəsinin təqdimatı olub.
Layihələrdən biri Samux rayonunda 100,2 hektar ərazidə ümumi gücü 100 MVt olan günəş elektrik stansiyasının (GES) tikintisidir. GES-in tikintisinə 59 milyon ABŞ dolları məbləğində investisiya tələb olunur. Stansiyada istehsal olunacaq enerjinin 90 faizi özəl şirkətə, yerdə qalan 10 faizi isə yerli şəbəkəyə satılacaq. Stansiya ildə 175 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək və burada 50-dən çox daimi iş yeri yaradılacaq. İnvestisiyanın geri qayıtma müddəti 10 il olaraq hesablanır.
Digər təqdimat Bakıətrafı qəsəbələrin birində ümumi sahəsi 140 hektar ərazidə günəş panelləri ilə təchiz olunmuş evlərin və elektrikli nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılması layihəsi olub. Layihə çərçivəsində 4 000 günəş panelinin (7 ay ərzində) və 100 doldurma məntəqəsinin quraşdırılması üçün 3,4 milyon ABŞ dolları tələb olunur. Bu layihələrdən orta illik gəlir 791 min ABŞ dolları olaraq qeyd edilir.
Rəylər (0):