Fevralın 21-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
"Renewables.az" Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların – bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyədə baş vermiş bu dəhşətli faciənin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün Azərbaycan xalqının və dövlətinin bütün imkanlarını səfərbər etdiyini söyləyən komitə sədri Türkiyənin bu sınaqdan da üzüağ çıxacağına inamını ifadə edib.
Sonra komitə sədri bu günün Beynəlxalq Ana Dili Günü olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü müstəsna xidmətlərindən danışıb.
Sadiq Qurbanov iclasın gündəliyində bir məsələnin - “Elektroenergetika haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi olduğunu bildirib.
Azərbaycanın dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyində yüksələn rolundan bəhs edən komitə sədri, eyni zamanda, ölkəmizdə energetikanın inkişafının və ixrac potensialının artmasının bu sahədə yaranan münasibətlərin müasir tələblərə uyğun yenidən tənzimlənməsi zərurəti yaratdığını vurğulayıb.
Qanun layihəsini təqdim edən energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, sənəd Azərbaycanın energetika sistemində islahatların həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üçün hüquqi zəmin yaradacaq. Müstəqilliyin ilk illərində formalaşdırılmış hazırkı elektroenergetika modelinin çatışmazlıqlarından danışan nazir müavini mövcud modelin resurslardan səmərəli istifadəni tam stimullaşdırmadığını, onun dayanıqlılığının dövlətin böyük maliyyə yükü hesabına təmin olunduğunu qeyd edib. Hazırkı sistemin özəl investisiyalar üçün də əlverişli olmadığını söyləyən nazir müavini, yeni qanun layihəsinin energetika sahəsində rəqabətli mühit yaradacağından, investisiyaları və yeni texnologiyaları cəlb edəcəyindən danışıb.
Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov qanun layihəsinin detalları barədə məlumat verərək sənədin qəbulundan sonra energetika sistemində rəqabətqabiliyyətli (istehsal və satış) və tənzimlənən fəaliyyətlərin (ötürmə və paylama) ayrılacağını bildirib, elektrik enerjisinin topdan və pərakəndə satış tariflərinin tənzimlənməsinə toxunub, bu sahədə səmərəliliyin artırılması işlərindən bəhs edib. O, qanun layihəsinin üç mərhələdə tətbiq olunacağını bildirərək, mərhələlər üzrə görüləcək işlərdən danışıb.
Qanun layihəsinin müzakirəsində komitə sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Asim Mollazadə, üzvləri Naqif Həmzəyev, Məşhur Məmmədov, Afət Həsənova, Fatma Yıldırım, Anar Məmmədov, Əliabbas Salahzadə, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edib, layihə ilə bağlı fikirlərini bölüşüblər. Deputatlar qanun layihəsinin aktuallığını qeyd edərək Azərbaycanın energetika sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təqdirlə qarşılayıb, sənədin vətəndaşlara verəcəyi fayda, elektrik enerjisinin keyfiyyətinə təsiri, yerli şirkətlərin rəqabətə hazırlığı, müasir texnologiyaların cəlb edilməsi kimi məsələlərlə bağlı suallarını səsləndiriblər.
Energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov və Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Rəylər (0):