Azərbaycan ilə BƏƏ müxtəlif sahələrdə, xüsusən də enerji sektorunda sıx əlaqələrinin olduğunu, yaşıl enerji layihələrinə səmərəli töhfə verdiyini bildirib.
"Renewables.az" xəbər verir ki, bunu Əmirlik İnformasiya Agentliyinə (WAM) müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Nazir əlavə edib ki, "Masdar" şirkəti ilə reallaşdırılan, Bakıdan 60-70 kilometr aralıda yerləşən "Qaradağ" Günəş Elektrik Stansiyasından elektrik enerjisi istehsalı bu ilin oktyabr ayından, kommersiya fəaliyyətinə isə 2024-cü ilin yanvar ayında başlanacaq.
Pərviz Şahbazov Azərbaycanın “Masdar” şirkəti vasitəsilə BƏƏ ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, ilk mərhələdə günəş və külək layihələri də daxil olmaqla 4 000 meqavat gücündə müqavilə imzalandığını bildirib. Bu layihələrin istehsal gücünə gələcəkdə 6 qiqavat əlavə etmək niyyəti çərçivəsində həyata keçirildiyini, bunun Azərbaycanın və qonşu ölkələrin enerji təhlükəsizliyinin artırılmasına töhfə verəcəyini vurğulayıb.
Nazir Azərbayanın yaşıl enerjinin böyük hissəsini regiondakı qonşu ölkələrə ixrac etməyi qarşısına məqsəd qoyduğunu bildirərək, “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaşıl hidrogen də daxil olmaqla geniş miqyasda daha çox enerji istehsalı və təmin edilməsi planlarının olduğunu qeyd edib.
“COP 28” Tərəflərin Konfransının enerjiyə keçid prosesinin dəstəklənməsi baxımından əhəmiyyətinə gəlincə, o, bildirib ki, “COP 28” enerji keçidi istiqamətində beynəlxalq səylərin irəliləyişində çox mühüm rol oynayacaq və BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da mühüm rol oynayacaq.
O, əlavə edib ki, Azərbaycan 2044-cü ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyini üzərinə götürüb, hal-hazırda bu məsələdə mühüm rol oynayan BƏƏ ilə əməkdaşlıq çərçivəsində 2050-ci ilə qədər sıfır karbona nail olan yaşıl enerji zonası yaradılır.
Davamlı inkişafda BƏƏ ilə Azərbaycan arasında gələcək əlaqələrə gəlincə, o, “Masdar”ın enerji sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində ən mühüm tərəfdaşlarından biri olduğunu, Əbu- Dabi İnkişaf Fondunun isə mühüm rol oynadığını bildirib.
Rəylər (0):