Pərviz Şahbazov: "Yaşıl enerji zonası Türkiyə investorları üçün geniş üfüqlər açır"

image

"Yeni səviyyədə enerji əməkdaşlığımızın başlıca motivatoru Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilə qədər Milli Prioritetlərində təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmaq üçün “yaşıl enerji”ni dəstəkləyən baxışları, həmçinin azad edilmiş ərazilərin “xalis sıfır emissiyaya” malik “Yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı təşəbbüsü və “Türkiyə ilə birgə gələcək” siyasətidir.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

P.Şahbazov hesab edir ki, "yaşıl enerji" sahəsində uğurlara imza atmaq üçün indi bütün zəruri şərtlər vardır: "Yenilənə bilən enerjinin ölkə üzrə, təxminən, 27 min meqavatlıq, işğaldan azad edilmiş ərazilərdə isə 7 200 meqavat günəş, 2 000 meqavat rüzgar enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin ümumilikdə 700 MVt-lıq külək və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq rüzgar elektrik stansiyasının tikilməsi və “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər".

Nazirin sözlərinə görə, türk şirkətlərinin iştirakı qədər yenilənə bilən enerjiyə, enerji səmərəliliyinə, energetikada bazar münasibətlərinə, tənzimləməyə dair Türkiyə təcrübəsi və dəstəyi də Azərbaycan üçün önəmlidir: "Çünki hər zaman və bütün proseslərdə olduğu kimi “Təmiz enerjili gələcəy”ə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir. Bu dəstək sayəsində 27 noyabrda Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilmiş və Mərkəzin Nizamnaməsi qəbul edilmişdir. Fürsətdən istifadə edərək, təmiz enerjidə Azərbaycanın vizyonuna yüksək etimad göstərərək verdiyi dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *