Prezident: "Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur"

image

Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.

"Renewables.az" Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

"İndi bu 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Ancaq, mən hesab edirəm ki, bunun minimum yarısı tamamilə reallaşa bilər, çox da reallaşa bilər. Əsas məsələ bunun bundan sonrakı taleyidir - necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik. Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və bu, tam reallaşa bilər. Çünki Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər, əlbəttə ki, hər şeyi ölçüb-biçiblər. Onlar tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, - indi Azərbaycandakı iqtisadi vəziyyət belədir ki, bu, onları qane edir, - eyni zamanda, ixrac üçün imkanlar yaranacaq. Digər məsələ, - bu da çox önəmlidir, bu, ümumi kontekstdən bir qədər kənarda qalıb, - ondan ibarətdir ki, əgər biz bu layihələri öz tərəfdaşlarımızla icra etsək, - mən deyə bilərəm ki, Azərbaycan 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, - onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək", - dövlət başçısı deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *