Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Eyni zamanda, mən sizə bildirmək istəyirəm ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda biz Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
"Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Beləliklə, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq", - deyə dövlət başçısı bildirib.
Rəylər (0):