"Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonunda səfərdə olublar.

"Berpaolunanenerji.az" xəbər verir ki, dövlət başçısı və birinci xanım “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdi.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.

Bildirildi ki, Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur. Rəqəmsal İdarəetmə Mərkəzindən obyektlərin monitorinqi aparılmaqla, parametrlərdə düzəlişlər edilməsi imkanı yaradılıb. Bu da serverlərin, o cümlədən digər şəbəkə aktivlərinin istismarı üzrə məlumat axınına nəzarət və onun idarə olunmasını mümkün edir. Yeni tətbiq olunan elektron texniki pasportlaşma nəticəsində Mərkəzdən “Azərenerji” ASC-nin struktur tərkibinə daxil olan istənilən müəssisənin nəzdindəki avadanlığın texniki göstəricilərinə və formullarına nəzarət etmək mümkündür.

Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzinin ərazisində elektrik avadanlığının təmiri sahəsi, xüsusi təyinatlı maşın və mexanizmlər üçün qaraj, anbar binası və mühəndis yataqxanası da daxil olmaqla, digər xüsusi təyinatlı binalar tikilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *