Gürcüstanın paytaxtı Tbilisidə Caspian Energy Club və Caspian Energy Georgia-nın birgə təşkilatçılığı ilə 11-ci beynəlxalq “CASPIAN ENERGY INVESTMENT FORUM TIBILISI – 2023” keçirilib.
Forum Azərbaycanın Gürcüstandakı və Gürcüstanın Azərbaycandakı səfirliklərinin birgə dəstəyi və “Assistant Tour” şirkətinin sponsorluğu ilə təşkil olunub.
"Renewables.az" xəbər verir ki, bu barədə AZƏRTAC-a Caspian Energy Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov məlumat verib.
Bildirilib ki, forumun əsas məqsədi Caspian Energy Club üzvlərinin, Azərbaycan və digər ölkələrin şirkət və təşkilatlarının Gürcüstana, eyni zamanda, Azərbaycana və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrə sərmayə qoymaq istəyən gürcü şirkətləri üçün imkanların və iki ölkə arasında ticarət dövriyyəsinin artması üçün görüləcək addımların araşdırılması oldu.
Forumda dövlət qurumlarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların 200-dən çox nümayəndəsi, o cümlədən Xəzər-Qara dəniz regionu ölkələrinin dövlət və özəl şirkətlərinin top-menecerləri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında forumun çox səmərəli və məhsuldar keçəcəyinə, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərinin, eləcə də, işgüzar dairələr arasında əlaqələrin inkişafına öz zəruri töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Onun sözlərinə görə, 2022-ci ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib, ötən ilin bütün dövrü üzrə Azərbaycan şirkətləri tərəfindən Gürcüstan iqtisadiyyatına, eyni zamanda qarşılıqlı Gürcüstan şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyalar on milyonlarla ölçülür.
Birinci panel çərçivəsində Caspian Energy Turkey-in sədri Süleyman Məcidli bərpa olunan və alternativ enerji mənbələri üzrə regional layihələrin iki ölkə arasında birgə həyata keçirilməsinin vacibliyini qeyd edib.
İkinci panelin moderatoru, Caspian Energy Georgia-nın sədri Natiq Məmmədov Xəzər-Qara dəniz regionu ölkələrində iqtisadiyyatın qeyri-neft sektorunun artım templərindən danışıb.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Tengiz Kalandadze Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiyanın adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. T.Kalandadze əsası prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulmuş Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirib. “Biz şadıq ki, bu münasibətlər bu gün də inkişaf edir və ümid edirik ki, bu forum ölkələrimiz arasında ticari, enerji, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində olan əlaqələrin dərinləşməsinə əlavə stimul verəcək”, - deyə T.Kalandadze vurğulayıb.
Gürcüstanın Energetikanın İnkişafı Fondunun baş direktorunun müavini, Layihələrin İdarə edilməsi üzrə direktoru Nuqzar Xaindrava ölkəsində bərpa olunan enerji, enerji təhlükəsizliyi, elektrik maşınlarının və enerji doldurma stansiyalarının inkişafı, enerjiyə qənaət və Gürcüstanın enerji sektoruna investisiyalar sahəsində bir sıra maraqlı layihələrdən söz açıb. N.Xaindravanın dediyinə görə, tədbir iki ölkə arasındaki networkingin inkişafı və dərinləşməsi üçün çox gözəl təşəbbüsdür.
Forumda çıxış edən AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva Agentliyin fəaliyyət istiqamətləri, AZPROMO-nun Gürcüstandan olan müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb.
Bildirilib ki, 1995-2022-ci illər ərzində Gürcüstan iqtisadiyyatının əsas investoru olan Azərbaycan tərəfindən qonşu ölkənin iqtisadiyyatına 3,4 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə enerji sektorunda, xüsusi ilə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar var.
Müzakirələrdə həmçinin, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev, Gürcüstanın Energetikanın İnkişafı Fondunun rəhbəri, “SOCAR ENERGY GEORGIA” şirkətinin nümayəndəsi, Gürcüstan Maliyyə Nazirliyinin gəlir xidmətinin rəhbəri (GRS) və digər şəxslər iştirak ediblər.
Forumun sonunda Caspian Energy Georgia-nın İdarə Heyətinin sədri Natiq Məmmədov 11-ci beynəlxalq “Caspian Energy İnvestment Forumu Tbilisi - 2023”ün təşkilində göstərdikləri dəstəyə görə bütün spikerlərə təşəkkürnamə sertifikatlarını təqdim edib.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Rəylər (0):