Vyetnam şirkətləri ilə bərpa olunan enerji istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov Vyetnam Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının sədr müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə böyük imkanlar yaradacağı qeyd edilib. Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu xatırlanıb.

Azərbaycan-Vyetnam arasında əməkdaşlıq münasibətlərinin inkişafı üçün digər sahələrlə yanaşı enerji sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində imkanlar müzakirə edilib. Eyni zamanda Azərbaycan və Vyetnamın İpək Yolu üzərində yerləşdiyi və mövcud beynəlxalq nəqliyyat infrastrukturunun, eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin iki ölkə arasında iqtisadi-ticari, tranzit əlaqələrinin inkişafına təkan verə biləcəyi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında münasibətlərin inkişafında "İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının mühüm rolu qeyd olunub, 2-ci iclasdan ötən dövr ərzində protokolun icrası üzrə mövcud vəziyyət, energetika sektorunda ikitərəfli əlaqələrin gələcək perspektivləri nəzərdən keçirilib, növbəti iclasının yaxın vaxtlarda keçirilməsi məsələsi müzakirə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *