Azərbaycan və İranın Araz çayı üzərində birgə inşa etdiyi "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarından yalnız 2-cidən suvarma məqsədi ilə istifadə olunacaq.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Energetika Nazirliynin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.
"Xudafərin" hidroqovşağından su götürmək mümkün olmayacaq və burada yalnız elektrik enerjisi istehsal ediləcək. Su elektrik stansiyasının (SES) gücü 200 mVt, aylıq istehsal həcmi isə 250 milyon kVt olacaq. Bu həcm də iki ölkə arasında bərabər bölünəcək. "Qız qalası" hidroqovşağı ilə bağlı isə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC layihələndirmə işləri aparır. Qovşayın suyu ilə ilkin mərhələdə Cəbrayıl rayonunun, tədricən isə digər rayonların torpaqları suvarılacaq", - deyə o, qeyd edib.
Xatırladaq ki, Araz çayı üzərində hidroqovşaq və SES-lərin tikisininə 1992-ci ildə başlanılıb. Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etdikdən sonra tikinti işləri dayanıb və yalnız 2016-cı ildə İranla əldə olunmuş razılığa əsasən bərpa edilib. Yeni sazişdə tikintinin davam etdirilməsi ilə yanaşı su ehtiyatlarından və elektrik enerjisindən birgə istifadə də öz əksini tapıb.
Ə.Həsənovun sözlərinə görə, "Xudafərin" hidroqovşağında bəndin tutumu 1,6 milyard kubmetrdir: "Bunun 117 milyon kubmeti ölü həcmdir. Gələcəkdə SES-in tikintisi başa çatdıqdan və bəndin qapıları bağlandıqdan sonra onun su ilə tam doldurulması nəzərdə tutulur".
"Qız qalası" hidroqovşağında isə bəndin tutumu 56 milyon kubmetrdir. Buradakı SES-in gücü 80 Mvt olacaq ki, bunun da 40 mVt-ı Azərbaycanın payına düşəcək. İran tərəfi bura suvarma kanalları çəkib. Azərbaycan isə işğalla əlaqədar bunu edə bilməyib və artıq edə biləcəyik", - deyə şöbə müdiri əlavə edib.
SES-lərin tikintisinin 2-2,5 ilə yekunlaşdırılması nəzərdə tutulub.
Rəylər (0):