Bakıda "Yaşıl enerji keçidi" mövzusunda üçüncü "Caspian Energy MeetUp" tədbiri keçirilib.
Renewables.az xəbər verir ki, tədbir "Caspian Energy MeetUp" "Caspian Energy Club" və "Caspian Energy International Media Group"un təşkilatçılığı, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) rəsmi dəstəyi ilə baş tutub.
Panel müzakirəsinə "Caspian Energy Türkiye"nin İdarə Heyətinin sədri və Energazer şirkətinin direktoru Süleyman Məcidli moderatorluq edib. Müzakirələrdə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) şöbə müdiri Rəna Hümbətova, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəlimov və SOCAR-ın “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktor müavini Rəşad Mustafayev iştirak ediblər.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova tərəfindən 2022-2023-cü illərdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində həyata keçirilən fəaliyyət və layihələrlə bağlı məlumat verilib.
R. Hümbətova qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 10 MVt-dək meqa layihələrə dair müqavilələr imzalanıb. Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti keçən ilin 3 fevral tarixində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Məlumat verilib ki, 2022-ci ilin 15 dekabr tarixində Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını üçün Çərçivə Müqaviləsi imzalanıb.
4 iyun 2022-ci il tarixində Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Ötən il dekabrın 17-də Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunulub. Layihə çərçivəsində Azərbaycanda istehsal olunan 4 QVt-dək yaşıl enerjinin Avropa ölkələrinə ixrac edilməsi üçün araşdırmaların aparılmasına başlanılıb.
Faiq Mütəlimovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər aidiyyəti qurumlarla birgə nəqliyyat sektorundan ətraf mühitə zərərli təsirlərin azaldılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi istiqamətində birgə əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq nəticəsində ekoloji təmiz nəqliyyat vasitələrinə bir sıra vergi və gömrük güzəştləri tətbiq edilir.
"Caspian Energy MeetUp" tədbirinin sonunda dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinə "Caspian Energy Club" sertifikatlar təqdim olunub. Görüşdən sonra qeyri-rəsmi ünsiyyət və layihələrin müzakirəsi üçün networking təşkil edilib. Tədbirdə Dövlət strukturlarının və özəl şirkətlərin 200-dən çox nümayəndəsi iştirak edib.
Rəylər (0):