Zəngilan və Laçın rayonlarında 7 SES-nin tikintisi aparılır

image

Hazırda “Azərenerji” ASC tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan Su Elektrik stansiyalarının tikintisi aparılır.

Renewables.az Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Zəngilanda tikilən “Sarıqışlaq” SES-də görülən işlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verərkən deyib.

Bildirilib ki, Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları yeni tikilir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə yenidən qurulur.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. Su Elektrik stansiyalarında il ərzində ümumilikdə 230 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsalı nəzərdə tutulub.

Qeyd edək ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.

Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *