“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə Araz Su Elektrik Stansiyası (SES) yenidən qurulacaq.
Renewables.az xəbər verir ki, bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müavini Tural Murtuzəliyev bildirib.
Bildirilib ki, hazırda Araz SES-in yenidənqurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq.
Qeyd edək ki, Araz SES 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. Araz SES Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Elektrik enerjisinin təminatını o illərdə yalnız Araz SES təmin edirdi. Yarım əsrdən çoxdur ki, bu stansiya fəaliyyət göstərir və hazırki dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Gələn il Araz SES-in 55 illiyi Xidmət tərəfindən geniş şəkildə qeyd olunacaq.
Rəylər (0):