Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının tədbiri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Burs Uorlik ilə görüşüb.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə enerji sahəsində və COP29 çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Azərbaycanda bərpa olunan enerji istehsal güclərinin yaradılması, şəbəkəyə inteqrasiyası, dənizdə külək enerjisindən istifadə və müxtəlif istiqamətlərdə “yaşıl enerji” dəhlizləri layihələrinin həyata keçirilməsi ilə bağlı yeniliklərdən bəhs olunub. Həmçinin “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” və “Qlobal Metan Vədi” təşəbbüslərinə qoşulan Azərbaycanın enerji səmərəliliyi, emissiyaların azaldılması üzrə gördüyü tədbirlər nəzərdən keçirilib. Bu istiqamətdə “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin layihəsi müzakirə edilib və bu sənədin əhəmiyyəti öhdəliklərə töhfə aspektində dəyərləndirilib.
Söhbət zamanı COP29-un gündəliyindəki prioritetlər, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrə Azərbaycanın təşviqedici fəaliyyəti və IEA ilə bu çərçivədə intensiv əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Rəylər (0):