Azərbaycanda ilk dəfə olaraq Bakı Su Həftəsi keçiriləcək

image

2024-cü ilin mart ayında Bakı şəhərində Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək. Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində “The Ritz-Carlton Baku” mehmanxanasında keçiriləcəkdir.

Renewables.az-a tədbirin təşkilatçılarından olan “Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir. 

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləmişdir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.

Ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Sərginin qızıl sponsorları “Acwa Power”, “AgroFoodInvestment”, “Geo SU Group”, "Hidroloq" MMC, gümüş sponsorları “IDE Technologies”, “Körpü Bina Tikinti”, “Coca-Cola”, bürünc sponsorları “Kolin İnşaat”, “Özgün İnşaat”,“Qarabağ-ER” və “Aztəsərrüfat” MMC, konsaltinq tərəfdaşı isə “Mekorot” şirkətləridir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir.

 Bakı Su Həftəsi aşağıdakı bölmələri əhatə edəcəkdir:

  • analiz və laboratoriya texnologiyaları;

  • borular və boru kəməri avadanlığı və məhsulları;

  • drenaj üçün avadanlıqlar;

  • hidrotexniki qurğular;

  • içməli suların emalı;

  • konsaltinq xidmətləri;

  • su təchizatı və kanalizasiya;

  • suvarma sistemləri;

  • su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı;

  • su sahəsində ölçmə, tənzimləmə və nəzarət texnologiyaları;

  • su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi;

  • informasiya və kommunikasiya texnologiyaları;

  • su təsərrüfatında təhsil, elmi araşdırmalar;

  • elmi-tədqiqat institutları;

  • suyun duzsuzlaşdırılması texnologiyaları;

  • tullantı və yağış sularının axıdılması və emalı sistemləri.

Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir. Digər faktorlarla yanaşı su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illərdə ölkədə çoxsaylı layihələr həyata keçirilmiş, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülmüşdür. Ötən ildə isə ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanmışdır.  

Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bu mövzularla əlaqəli mövcud həll yollarının tapılması yönündə bir sıra mühüm məsələlər müzakirə olunacaqdır. Belə ki, sərginin təqdimat zonasında “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları və yenidənqurma işləri”, “Azərbaycanda Su Təsərrüfatında Müasir Trendlər və Su Ehtiyatlarının İnkişaf Planları”, “Su, qida və enerji”, “Su ehtiyatlarının keyfiyyətinin təmin edilməsində təhlilin rolu”, “Su diplomatiyası”, “Su təsərrüfatında müasir texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Tullantı sularının davamlı idarə olunması: problemlər və həll yolları”, “Su ehtiyatlarına qənaət – “Bir damcı” dəyər verək” və s. mövzularda panel müzakirələri aparılacaqdır.

Sərgidə iştirakçılar və ziyarətçilər üçün maraqlı konsepsiya hazırlanmışdır. Belə ki, foyedə əziz və tarixi şəhər Şuşada yerləşən və Azərbaycanın milli mədəni irsi olan İsa bulağının maketi yerləşdiriləcək və buradan İsa bulağının şəfalı suyu axacaqdır. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə  “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların, eləcə də Qərbi Kaspi Universitetinin Dizayn fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi təqdim olunacaqdır. Bundan başqa, Şəmkirçay su anbarı, təmizləmə prosesinin texnoloji sxemi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, subartezian quyusu, o cümlədən 1913-cü ildə əkin sahələrini suvarmaq üçün Kür və Araz çaylarında geniş istifadə olunmuş su çarxı və qədim zamanlarda suyun tənzimlənməsində istifadə olunan şiber maketləri nümayiş olunacaq.

Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Bakı Su Həftəsi çərçivəsində təşkil olunan Bakı Su Həftəsi Beynəlxalq Konfransı isə su ehtiyatlarının idarə edilməsi, su təchizatı, iqlim dəyişikliyi və onların su ehtiyatlarına təsiri, sudan səmərəli istifadə kimi vacib mövzuları gündəmə gətirəcəkdir. İki günlük konfrans zamanı “Bir damcı” layihəsinin təqdimatı keçiriləcək, o cümlədən “Qlobal su qıtlığı və iqlim dəyişikliyi”, “Azərbaycan və Xəzər regionunun su  ehtiyatlarından səmərəli istifadə”, “Su idarəetməsində texnoloji yeniliklər”, “Aqrar sahədə suyun istifadəsi”, “Ekologiya sahəsində yenilik”, “Cəmiyyətdə suyun davamlılığı” və bir sıra digər mövzuları əhatə edən panel diskussiyaları təşkil ediləcəkdir.

Beləliklə, tədbirdə iştirak edən şəxslər su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Təşkilatçılar ümid edirlər ki, Bakı Su Həftəsinin keçirilməsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq  və yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək.

Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir.

Qeyd edək ki, Renewables.az tədbirə media dəstəyi göstərir.

Tədbir haqqında ətraflı məlumatı www.bakuwaterweek.azhttps://conference.bakuwaterweek.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *