Ölkəmizdə geotermal enerjidən birbaşa istifadə üçün potensialın nəzərdən keçirilməsi və müvafiq istiqamətdə təfərrüatlı hesabatın hazırlanması layihəsinin icrası üzrə işlər davam etməkdədir. Bu istiqamətdə görülən işlərin davam olaraq, həmçinin bacarıqların artırılması məqsədilə cari ilin 30 yanvar tarixində Dünya Bankının dəstəyi ilə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən videokonfrans formasında seminar keçirilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
Seminarda Energetika Nazirliyinin sədrliyi ilə aidiyyəti dövlət qurumlarından ibarət yaradılmış “Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi qrupunun nümayəndələri iştirak edib.
Seminar zamanı layihənin məqsədi, geotermal resursların ölkə üzrə paylanması, geokimyəvi qiymətləndirmənin əhəmiyyəti, geotermal həllər və neft və qaz quyularından istifadə etməklə geotermal enerjinin istehsalı imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib.
Aparılmış qiymətləndirmələrin nəticəsinə əsasən ilkin mərhələdə 5 perspektivli ərazinin müəyyən edilməsi diqqətə çatdırılıb. Eyni zamanda, növbəti mərhələdə geotermal enerjidən istifadə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, maliyyə təhlilinin aparılması və yekun hesabatın hazırlanması kimi növbəti addımlar müzakirə edilib.
Rəylər (0):