Dekabrın 23-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji keçidi: Mütərəqqi texnologiyaların enerji sektorunun transformasiyasında rolu” mövzusunda onlayn seminar keçiriləcək.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Vebinarda Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılovun moderatorluğu ilə Adolfo İbanez Universitetinin dosenti Şəhriyar Nəsirov tərəfindən qlobal enerji bazarında innovativ və qabaqcıl bərpaolunan enerji texnologiyalarının rolu, texnoloji irəliləyişlər, ekoloji cəhətdən daha təmiz enerjiyə keçidin sürətləndirilməsi imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Məlumat üçün qeyd edək ki, Şəhriyar Nəsirov İspaniyanın Basque Country Universitetində İqtisadiyyat və Siyasət üzrə doktorluq dərəcəsi alıb və hazırda Çilidəki Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosenti və təsisçi-akademik direktorudur.
Onlayn seminarda iştirak etmək istəyənlər 23 dekabr tarixində saat 20:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.
Rəylər (0):