Artıq Prezidentin iştirakı ilə Füzuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci “Ağıllı kənd”in təməli qoyulub. Bu kənddə alternativ enerji həlləri məqsədilə Günəş paneli tarlası salınacaq.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda deyib.
“İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir. Bu kənd həmin ərazilərə Qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi iə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan 3 kaskadlı Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vaakum Günəş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırlmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq", - deyə nazir bildirib.
Rəylər (0):