Hər kəs öz evində günəş panelləri quraşdıra bilər, icazə almağa ehtiyac yoxdur

image

Bu gün istənilən vətəndaş öz evində günəş panellərindən istifadə edə bilər. Hazırda ölkədə 150 kilovat  gücünədək günəş elektrik sistemlərinin istifadəsi üçün heç bir icazə tələb olunmur. Lakin 150 kilovat həddən çox böyük həcmdir. Bir yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 2-5 kilovatt gücündə günəşlə elektrik qurğularının quraşdırılması kifayətdir. Bazarda 200-380 vatlıq günəş panelləri mövcuddur. Öncə evin elektrik enerjisinə olan tələbatı müəyyənləşdirilməli, daha sonra tələbata uyğun günəş paneli əldə edilməlidir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri – mətbuat katibi Cahid Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında günəş panellərindən danışarkən deyib.

"Ola bilsin ki, günəş panellərinin ilkin investisiya dəyəri, kapital qoyuluşu bahadır, ancaq bu qurğuların 20-25 il istismar müddəti var. Günəş panellərinin qiyməti müxtəlifdir", - deyə o qeyd edib.

C.Mikayılov bildirib ki, ilin istənilən vaxtında günəş panelləri quraşdırmaq və ondan elektrik enerjisi almaq mümkündür: "Amma burada günəş radiasiyasının miqdarı çox vacibdir. Panelin 1 kvadratmetrinə 1000 vat  günəş radiasiyası düşdükdə maksimal elektrik enerjisi istehsal olunur. Hava tutqun olduqda düz radiasiyaya nisbətən səpələnən radiasiyanın miqdarı çox olduğundan elektrik enerjisi istehsalı azala bilir, ancaq yenə də istehsal prosesi davam edir".

"Günəş panelləri 18-22 faiz faydalı iş əmsalı ilə işləyir. Bu, o deməkdir ki, qurğunun üzərinə düşən günəş radiasiyasının 18-22 faizi elektrik enerjisinə çevrilə bilir. Məsələn, 200 vatlıq günəş panelinin 1 kvadratmetrinə 1000 vat günəş radiasiyası düşdükdə o maksimum, yəni 200 vat-saat elektrik enerjisi istehsal edəcək", - deyə o qeyd edib.

O diqqətə çatdırıb ki, 20-25 il istifadədən sonra günəş panelləri təkrar emala göndərilə bilir: "Məsələn, Yaponiyada günəş panellərinin təkrar emal zavodları var. Bu zavodlar özəl investisiya hesabına qurulub. Eyni təcrübə azərbaycanlı iş adamları tərəfindən də tətbiq edilə bilər.

Hazırda Azərbaycanda günəş panellərinin təkrar emalı yoxdur. Ölkəmizdə 2010-2011-ci illərdə günəş panellərindən sənaye həcmli istifadə edilməyə başlanılıb və hələlik öz istifadə müddətini bitirməyib. Günəş panelləri hazırda istismar olunmaqdadır, ona görə də təkrar emalına başlanılmayıb. Zərurət yarandıqda investorlar təkrar emal zavodlarının tikilməsinə investisiyalar ayıra bilərlər. Yəqin, mövcud panellərin istismar müddəti bitəndə təkrar emal mümkün olacaq".

Nazirlik sözçüsü bildirib ki, Azərbaycanda hazırda günəş panellərinin quraşdırılması, satışı ilə bağlı kiçik şirkətlər yaranmaqdadır: "Dünyada günəş panellərinin müxtəlif qiymətləri var. Qiymətlər istehsalçıdan, təchizatçıdan asılıdır. Azərbaycanda şirkətlərin yaranması o deməkdir ki, artıq günəş panellərindən istifadə edənlər var.

Eyni zamanda, böyük həcmli günəş elektrik stansiyalarının özəl investisiya hesabına reallaşdırılması təcrübəsi də artıq formalaşır. Belə ki, ölkəmizdə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası quraşdırılacaq. Artıq müvafiq sənədlər imzalanıb. Bu da onu deməyə əsas verir ki, kommersiya cəhətdən artıq günəş enerjisi rəqabətqabiliyyətli hesab edilə bilər".

"Azərbaycanda günəş radiasiyasının miqdarı kifayət qədər yüksəkdir. Ölkəmizdə günəş enerjisinin potensialı 23 min meqavat ətrafında qiymətləndirilir. Ümumi potensialı isə 27 min meqavatdır, bunun 23 min meqavatı günəş enerjisinin payına düşür. Son illər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl investisiyaların cəlbi istiqamətində işlər görülür", - deyə o qeyd edib.

C.Mikayılov diqqətə çatdırıb ki, ötən il ölkədə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun qəbul edilib: "Bu qanun çərçivəsində alt qanunvericilik aktları da hazırlanmaqdadır. Burada bir çox mexanizmlər - investisiyaların cəlbi, bərpa olunan enerji hərraclarının keçirilməsi, aktiv istehlakçının dəstəklənməsi nəzərdə tutulur".

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Azərbaycanda günəş elektrik stansiyaları işləyir, hansı ki, günəş panelləri quraşdırılıb və onlar şəbəkəyə qoşulub. Onlar hazırda elektrik enerjisi istehsal edirlər. Məsələn, Qobustanda, Samuxda, Suraxanıda, Naxçıvanda fəaliyyət göstərən günəş elektrik stansiyalarını nümunə göstərmək olar.

Günəş panellərinin iş prinsipi haqqında C.Mikayılov deyib: "Günəş panellərinin iş prinsipi fotoeffekt hadisəsinə əsaslanır. Bildiyiniz kimi, bütün maddələr atomlardan, atomlar isə müsbət yüklü nüvədən və ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarətdir.

Elektronlar nüvənin ətrafında fırlanırsa, deməli, onların enerjisi var və biz bu enerjidən istifadə edə bilərik. Bunun üçün yarımkeçiricilərdən ibarət fotoelementlər istehsal edilir. Fotoelementlərin üzərinə günəş şüası düşdükdə burada elektron qopması hadisəsi müşahidə olunur.

Elektronların nizamlı hərəkəti isə bizə elektrik enerjisini verir. Hazırda sənaye həcmli günəş elektrik stansiyalarında silisium əsaslı fotoelementlərdən istehsal edilmiş günəş panellərindən istifadə olunur. Günəş panellərində ənənəvi enerji istehsalı texnologiyaları ilə müqayisədə heç bir hərəkətli hissə yoxdur. Bu da qurğuların istismar müddətinin kifayət qədər uzun olmasına gətirib çıxarır".

Onu da bildirib ki, günəş, külək və hidroenerji kimi bərpa olunan enerji qurğularında yanma prosesi olmadığından onlar ekoloji təmiz "yaşıl enerji" növləri hesab olunurlar.

"Provitaz" şirkətindən deyiblər ki, günəş panelinin quraşdırılması qiyməti standart deyil, evdə işlədilən elektrik avadanlıqlarına görə hesablanma aparılmalıdır: "Evdə hansı elektrik avadanlıqlarından istifadə olunursa, bunlar hesablanmalı və ondan sonra qiymət müəyyənləşdirilməlidir. Məsələn, birmərtəbəli kiçik ev üçün günəş panellərinin quraşdırılması təxminən 5 min manata başa gəlir. Günəş panellərinin çatdırılması, quraşdırılması həmin məbləğin içərisində gedir. Zəmanət 1-5 illikdir. Ümumiyyətlə, günəş panellərinin quraşdırılması qiyməti sabit deyil, istifadə edilən kilovatt-saatdan asılıdır".

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bildirib ki, Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan "Ağıllı bağ"da Günəş panelləri və örtük sistemi quraşdırılıb:

"Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Ağıllı bağ" layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb. Su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır. Bu, elektrik enerjisi olmayan ərazilərdə effektiv fəaliyyət növüdür.

Elə ərazilər var ki, oraya elektrik xətləri çəkmək çətindir. Həmin yerlərdə günəş panellərinin quraşdırılması vasitəsilə günəşdən elektrik enerjisi alaraq bağların suvarılması mümkündür. Alternativ enerjiyə keçmək üçün fermerlərin maarifləndirilməsi həyata keçirilir.

"Alternativ enerjidən böyük ərazilərdə istifadə edilməsi daha səmərəlidir. Kiçik ərazilər üçün isə maliyyə tutumu çoxdur. Yarım hektar sahə üçün bunu quraşdırmağa ehtiyac yoxdur. Əgər fermerin 10 hektardan çox sahəsi varsa, bunu quraşdıran zaman daha effektiv olur. Böyük ərazisi olan, təxminən 10-50 hektar ərazisi olan fermerlər buna maraq göstərirlər. Ümid edirik ki, fermerlər gələcəkdə bundan daha geniş istifadə edə biləcəklər", - deyə o qeyd edib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, burada fermer kommersiya müqayisəsi aparmalıdır: "Fermer bilməlidir ki, ənənəvi enerji üçün xərci nə qədərdir, alternativ enerjidən istifadə edərsə, xərci nə qədər olacaq. Bundan sonra qərar verməlidir. Məsələn, bağ evlərinə günəş panellərini quraşdırmaq kommersiya baxımından sərfəli deyil. Burada günəş panellərinin keyfiyyət məsələsinə də diqqət etmək lazımdır. Texniki parametrlərinə görə keyfiyyətli mal olmalıdır".

Sumqayıtda inşa olunmuş "Azgüntex" MMC iki zavodu özündə birləşdirir: "Azgüntex" günəş modulları zavodu və "Azgüntex" LED lampaları zavodu.

Şirkətin saytında məlumat verilib ki, açılışı Prezident İlham Əliyev tərəfindən qoyulan günəş modulları zavodu 2012-ci ildən günəş panellərinin istehsalı ilə məşğul olur. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30 meqavat gücündə günəş panelləri istehsal etmək potensialına malikdir.

Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması, son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir. Quraşdırılması az vaxt alan, etibarlı, asandır.

Modullara 25 il zəmanət verilir, istifadəyə yararlılıq müddəti 30-40 ildir.


 

Rəylər (4):

  1. Salam məni elektrik panerləri maraqlandırır bağda tikilim var orada elektrik yoxdur istərdim qiymət məni qane etsə alardım

  2. Salam, fermada televizor xaladrlnik 20ə yaxın işıq, və s. Ümumi güc minumum 1kvt, və 5kvt olanıda hər iksinin qiymətini deyərdiz

  3. Salam aleykum mən evdə hər ay 40-50 AZN işıq pulu ödəyirəm mənə nə qədər tutar panelləri quraşdirmaq

  4. Salam. İsmayıllının Qalacıq kəndində 4 otaqlı evə hansı gücdə günəs paneli quraşdirmaq olar? Qiyməti neçəyə olar?

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *