IEA-nın Azərbaycanla bağlı hesabatı: Bərpaolunan mənbələr - GENİŞ TƏHLİL

image

Beynəlxalq Enerji Agentliyi (IEA) "Azərbaycan 2021 Enerji Siyasəti İcmalı" hesabatını dərc edib.

"Berpaolunanenerji.az" IEA-ya istinadən xəbər verir ki, hesabatda Azərbaycanın mükəmməl bərpaolunan enerji potensialına sahib olduğu vurğulanıb. 

Rəsmi sənəddə, olduqca günəşli və küləkli olmasına baxmayaraq, ölkəmizin həm də hidro, bio və geotermal enerji mənbələrinin olduğu qeyd edilib. 

Hesabatda 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin elektrik istehsalındakı payının 30%-a çatdırılması hədəfi, eyni zamanda imzalanan günəş və külək anlaşma müqavilələrindən bəhs edilib.

Hesabatın bərpaolunan enerji bölməsində mənbələr haqda məlumatları təqdim edirik.

Günəş enerjisi

Energetika nazirliyinə görə, Azərbaycanda günəş enerjisinin texniki potensialı 23 000 MVt ətrafındadır.

Ölkə hər il 2 400 saatdan 3 200 saatadək günəş işığı qəbul edir və illik günəş intensivliyi 1 500-2000 kilovat-saat/m2-dır. Bu nəticə digər ölkələrlə müqayisədə çox yüksək göstəricidir.

Günəş enerjisinin potensialı ölkənin şimalında, şimal-qərbində və mərkəzi çay vadilərində daha yüksəkdir.

Külək enerjisi

Energetika nazirliyinin məlumatına görə, Azərbaycanda külək enerjisinin texniki potensialı 3 000 MVt, iqtisadi potensialı isə 800 MVt-dır. İqtisadi potensialdan yararlanmaq, ildə:

  • 2,4 milyard kilovat-saat elektrik enerjisi istehsalı;

  • 500 milyon m3 təbii qaza qənaət;

  • 1 Mt (metrik ton) karbon emissiyasının qarşısını alır.

Külək enerjisi potensialı ən çox Xəzər dənizi sahilləri, xüsusilə Abşeron yarımadasındadır. Bu ərazilərdə küləyin orta sürəti 6 metr/saniyədir. Küləyin sürəti yanvar-aprel və sentyabr-dekabr ayları ərzində daha yüksək həddə çatır.

2020-ci ilin oktyabrında energetika nazirliyi, enerji məsələlərini tənzimləmə agentliyi Beynəlxalq Maliyyə Korporasiyası açıq dənizdə külək enerjisi ilə bağlı yol xəritəsi hazırlayıb.

Hidroenerji

Hidroenerji hazırda Azərbaycanın əsas bərpaolunan enerji mənbəyidir ancaq bu mənbəyin potensialı tam olaraq istismar edilməmişdir.

Böyük su elektrik stansiyalarının müasirləşməsi, onların istehsal gücünü artıracaq. Kiçik su elektrik stansiyaları, müxtəlif bölgələrin çoxsaylı kiçik dağ çayları ölkənin hidroenerji potensialını formalaşdırır.

Energetika nazirliyinə görə, kiçik çayların texniki potensialı 520 MVt-dır ki, bu potensial hər il 3.2 milyard kilovat-saat elektrik enerjisi istehsal edə bilər.

Energetika nazirliyi su qıtlığının qarşısını almaq və elektrik enerjisi istehsalı məqsədilə kiçik çayların enerji potensialının inkişafı üçün strategiya hazırlayacaq (Energetika Nazirliyi, 2020).

Geotermal enerji

Keçmiş Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təxminlərinə görə, Azərbaycanda geotermal enerji potensialı 800 MVt-dan çoxdur.

İlkin tədqiqatlara görə, Azərbaycanda yeraltı sularının temperaturu 30-100 dərəcə arası olan 11 geotermal ərazi mövcuddur (Azərbaycan Milli Elmlər Akademiyası, 2004).

Biokütlə enerjisi

Kənd təsərrüfatı, meşə təsərrüfatı, xidmət sahələrinin böyüməsi biokütlə və tullantılardan istilik və elektrik enerjisi istehsalı imkanları yaradır.

Energetika nazirliyinin təxminlərinə görə, bioenerjinin texniki potensialı 380 MVt-dır. Misal olaraq, 2 Mt (metrik ton) bərk məişət və sənaye tullantıları hər il Bakı və ya digər iri sənaye şəhərlərinin istilik və ya elektrik enerjisini qarşılaya bilər.

Hesabatda Energetika nazirliyinin bərpaolunan enerji siyasətinə nəzarət etdiyi və bununla bağlı 2020-ci ilin sentyabrında Energetika Nazirliyinin tabeliyində Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradıldığı qeyd edilir.


 

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *