168 ölkə və Avropa İttifaqının (Aİ) üzv olduğu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) dünyada bərpa olunan enerji mənbələrindən istifadənin təşviqində və genişləndirilməsində mühüm rol oynayır. Üstəlik, bu agentlik qlobal enerji çağırışlarına dair həlli yollarını birgə tapmaq üçün hökumətləri, iş adamlarını, alimləri və digər maraqlı tərəfləri bir araya gətirərək, bərpa olunan enerji sahəsində müzakirə və əməkdaşlıq üçün əsas platformadır.
IRENA-nın payızda Bakıda keçiriləcək COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı enerjiyə keçid kontekstində strateji əhəmiyyət kəsb edir. Bərpa olunan enerji mənbələri istixana qazları emissiyalarının azaldılmasında və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasında əsas rol oynayır.
IRENA-nın Baş direktoru Françesko La Kamera “Report”a müsahibəsində COP29-dan gözləntiləri, yoxsul ölkələrin bərpa olunan enerji mənbələrinə necə investisiya edə biləcəyi, enerji keçidinin əhəmiyyəti və s. barədə danışıb.
Azərbaycanla COP29 üzrə əməkdaşlıq bütün istiqamətlər üzrə davam edir
- IRENA-nın COP29 çərçivəsində Azərbaycan hökuməti ilə necə əməkdaşlıq edəcəyi barədə ətraflı məlumat verə bilərsiniz?
- Biz Azərbaycanın xarici işlər naziri, energetika naziri və COP29-un prezidenti ilə görüşlərdə bu tədbir çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etməyə başladıq.
IRENA ilk növbədə, ötən ilin dekabrında Dubayda bərpa olunan enerji mənbələrinin həcmlərinin üç dəfə artırılması öhdəliyinə dair (qlobal temperatur artımını 1,5°C-yə qədər saxlamaq üçün 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq öhdəliyi) məlumat verə bilər.
Bu, öhdəliklərin hansı dərəcədə yerinə yetirildiyini anlamağa imkan verəcək. Üstəlik, bununla bağlı hesabat hazırlayacağıq və bu, əməkdaşlıq üçün hazır model olacaq.
Bundan başqa, Azərbaycanda investisiya forumunun keçirilməsi imkanlarını və digər potensial birgə tədbirləri müzakirə etdik. Beləliklə, bütün sahələrdə əməkdaşlıq edirik və bunu texniki səviyyədə dəstəkləyirik.
Bir sözlə, müzakirələr davam edir və bundan sonra da belə olacaq. İyun ayında Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya səfər edəcəyəm. Beləliklə, bizim bu əməkdaşlığın bütün elementləri üzrə işləri yekunlaşdırmaq və fəaliyyət üçün dəqiq qrafik hazırlamaq imkanımız olacaq.
- Sizcə, COP29-da müzakirələr enerji keçidinə necə töhfə verə bilər?
- COP29 milli iqlim planlarının yeni mərhələsi üçün 100 milyard ABŞ dolları məbləğində yeni maliyyələşdirmə hədəfini təyin etmək üçün platforma olacaq. Buna görə də bu məsələ əsas məqsədlərdən birinə çevriləcək. Bundan başqa, indi biz bu məsələ ilə bağlı harada olduğumuzu yoxlamağa və Dubayda və əvvəlki COP-larda götürülmüş öhdəliklərin nə dərəcədə reallığa çevrildiyini anlamağa çalışmalıyıq. Belə ki, bilirəm ki, bununla bağlı göstəricilər gecikdiyimizi göstərir. Hərəkət etməsək, bir neçə ildən sonra 1,5°C hədəfinə nail olmaqla bağlı riskli vəziyyətlə üzləşəcəyik.
- Bəs COP29-dan gözləntiləriniz nədir?
- COP29 ilə bağlı gözləntilərimə ilk növbədə, inklüzivlik, yeni maliyyələşdirmə hədəflərinin müəyyən edilməsi, həmçinin Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) baxımından mövcud hədəflərin inkişaf etdirilməsi və daha yüksək ambisiyaların irəli sürülməsi daxildir. Hər bir ölkə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün məqsədlər qoyur və bu ambisiyaların yüksəldilməsi vacibdir.
Üstəlik, bu ambisiyalar real rəqəmlərə əsaslanmalıdır. COP29-un qarşısında duran əsas məsələ məhz budur: ölkələrin öhdəliklərinin reallıqla uzlaşdırılmasını təmin etmək. Bu, COP29-un digər mühüm nəticəsi ola bilər.
- Məlum olduğu kimi, inkişaf etmiş ölkələr bərpa olunan enerji mənbələrinin inkişafına daha çox sərmayə qoyur, lakin yoxsul ölkələrdə vəziyyət fərqlidir. Onlar hələ də ənənəvi enerji mənbələrindən istifadə edir. Sizcə, bu problemi necə həll etmək olar?
- Bu, çox vacib məsələdir. Biz bu mövzunu Bakıda da müzakirə etdik. İnfrastrukturun, yəni şəbəkələrin bərpa olunan enerjinin ötürülməsi imkanları ilə necə uyğunlaşdırılmalı olduğunu dəqiq müəyyən etmək lazımdır. Onlar arasında qarşılıqlı əlaqənin yaradılması, çevik olmalarının təmin edilməsi mühüm prioritetlərdir.
Beləliklə, beynəlxalq maliyyə institutları mövcud infrastrukturun gücləndirilməsi, yenilənməsi və bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılmasına dəstək planı təqdim etməlidir. Bu, həyata keçirilməli olan ilk məsələdir. Bu baş verərsə, xüsusən Afrika qitəsinə və dünyanın digər hissələrinə özəl sərmayələrin daxil olması üçün fürsət yaranacaq. Eyni zamanda, ənənəvi elektrik enerjisi üçün köhnə şəbəkələri yenidən qurmaqdansa, bəzən yeni infrastruktur yaratmaq daha ucuz başa gəlir.
Əlbəttə ki, istənilən investisiya mənfəət əldə etmək üçün nəzərdə tutulub. Odur ki, bərpa olunan enerjini şəbəkəyə qoşa və bunun üçün maliyyə vəsaiti tapa bilmirsinizsə, bunun heç bir mənası olmayacaq.
Düşünürəm ki, biz bunu ilk dəfədir ki, müzakirə edirik. COP tədbirində açıq şəkildə göstərilsin ki, beynəlxalq maliyyə institutları enerji şəbəkələrinin yenilənməsinə, gücləndirilməsinə və bəlkə də yenilərinin yaradılmasına sərmayə qoymaq üçün vəsait ayırmalıdır.
- Oxucularımızla bölüşmək istədiyiniz başqa məqamlar var?
- Biz regional əməkdaşlığa böyük əhəmiyyət veririk. IRENA-nın təxminən 170 üzvü var. Biz bütün dövlətlərlə əməkdaşlıq edirik.
Amma vurğulamaq istəyirəm ki, enerji sistemləri kontekstində regional yanaşma aktualdır. Onların qarşılıqlı əlaqəsi və çevikliyi regional miqyasda həll olunarsa, bu, qarşımızda dayanan məqsədlərə daha yaxşı nail olmağa kömək edəcək.
Üstəlik, institusional potensialın yaradılması vacibdir. Məsələn, əksər ölkələrdə energetika, neft və qaz sahəsi ilə bağlı nazirliklər var, lakin bərpa olunan enerji ilə bağlı qurumlar yoxdur.
Rəylər (0):