Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanın təmiz enerji ilə bağlı planlarına dəstəyini davam etdirməyə hazırdır.
Renewables.az xəbər verir ki, bu barədə şirkət rəsmi sosial şəbəkə hesablarında qeyd edib.
“Gələn il COP29-a ev sahibliyi edəcəyi üçün Azərbaycan Respublikasını təbrik edirik. 2020-ci ildən sadiq tərəfdaş kimi “Masdar” Azərbaycanın təmiz enerji ambisiyalarını dəstəkləməkdən qürur duyur, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən ümumi enerji tutumunun 30 %-dən çoxunu əldə etmək üçün birlikdə çalışırıq”, - məlumatda qeyd edilir.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti 40-dan çox ölkədə ümumi qoyuluş gücü 20 QVt-dan çox olan layihələr icra edib.
Xatırladaq ki, “Masdar” şirkəti Qaradağda Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasını inşa edib. Bundan başqa, Azərbaycan hökuməti və “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.
Rəylər (0):