Masdar Gürcüstanın Qardabani ərazisində ölkənin ən böyük, 100 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək.
Renewables.az şirkətə istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Enerji İnkişafı Fondu (GEDF) ilə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.
Layihəyə əsasən, yeni günəş elektrik stansiyasının təxmini illik istehsalı 196,7 milyon kilovat-saat təşkil edəcək. Layihənin dəyəri təxminən 87 milyon dollardır. Yeni elektrik stansiyasının tikintisi Gürcüstanın idxal olunan elektrik enerjisindən asılılığını azaltmağa, yerli mənbələri şaxələndirməyə və yeni iş yerlərinin açılmasına kömək edəcək.
Müqaviləni GEDF-dən Jaba Xmaladze və Masdar-ın baş icraçı direktoru Məhəmməd Cəmil Al Ramahi imzalayıb. Stansiyanın nə vaxt istismara veriləcəyi barədə məlumat verilməyib.
Xatırladaq ki, 2021-ci ilin sonunda GEDF ilə Masdar arasında Gürcüstanda gücü 100 MVt-a qədər olan günəş layihəsinin birgə işlənməsi haqqında saziş imzalanıb.
Rəylər (0):