Qarabağ və Şərqi Zəngəzurda 26 SES yenidən qurulub və hazırda 9 yerdə tikinti işləri davam etdirilir

image

Cənab Prezidentin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq müharibə bitər-bitməz əməli işə keçilib. Nəticədə müharibənin bitməsindən cəmi üç ay sonra, 2021-ci ilin fevral ayında ermənilər tərəfindən dağıdılan, döyüşlər zamanı mərmi yağışı altında qalan Laçındakı 8 meqavat gücündə "Güləbird" Su-Elektrik Stansiyası yenidən qurularaq cənab Prezidentin və birinci xanımın iştirakı ilə istismara verildi və bu, işğaldan azad edilən ərazilərdə istifadəyə verilən ilk obyekt olaraq tarixə düşdü.

Renewables.az-ın məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Məqalədə qeyd edilir ki, 2021-ci il oktyabrın 3-də Suqovuşanın işğaldan azad olunmasının birilliyi tamam olan gün "Azərenerji" tərəfindən tam yenidən qurulan, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su-elektrik stansiyalarının açılışı oldu. 

26 iyun 2022-ci ildə 4,4 meqavat gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası yenidən qurulduqdan sonra Kəlbəcər rayonunda ilk istehsal obyekti olaraq istismara verildi. "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasından başqa, Kəlbəcərdə 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su-elektrik stansiyalarının cənab Prezidentin iştirakı ilə işə salınması gerçəkləşdi. Bundan başqa, Laçın rayonunda tam yenidən qurulan 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" kiçik su elektrik stansiyalarının 2023-cü ilin avqust ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu. 

Bundan bir ay sonra sentyabrın 28-də cənab Prezidentin iştirakı ilə Zəngilan rayonunda tam yenidən tikilən 10,5 MVt gücündə "Cahangirbəyli" Su-Elektrik Stansiyası istismara verildi. Hazırda Zəngilan rayonunda hər birinin gücü 10,5 MVt olmaqla 3 yerdə yaradılan "Şayıflı", "Zəngilan", "Sarıqışlaq" və Laçın rayonunda 14,25 MVt gücündə "Ağbulaq-1" su-elektrik stansiyalarında işlər tamamlanıb. Eyni zamanda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə tikilən su-elektrik stansiyalarında tikinti işləri həyata keçirilir.

Beləliklə, bu günədək işğaldan azad edilən ərazilərdə 26 yerdə su-elektrik stansiyası tikilərək yenidən qurulub və hazırda 9 yerdə tikinti işləri davam etdirilir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *