Qarabağda yaşıl enerji potensialı və görüləcək işlərin təhlili

image

Dünya ölkələri iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq və ətraf mühiti qorumaq məqsədilə “yaşıl” enerji sayılan bərpaolunan enerji mənbələrindən istifadə edir. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, dünyada bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 3 min meqavata yaxınlaşır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 faizdən çoxunu bərpaolunan enerji mənbələri təşkil edib. 

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə geniş potensiala malik olan ölkələrdəndir. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesabatına görə, Azərbaycanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 1 291 meqavat olub ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Yaşıl enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 7,3 faizini təşkil edib. 

Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 min meqavat həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 min meqavat, günəş enerjisi potensialı 23 min meqavat, bioenerji potensialı 380 meqavat, dağ çayları üzrə potensial isə 520 meqavat həcmindədir.

Respublikamızın müxtəlif ərazilərində ümumi gücü 66 meqavat təşkil edən külək, 40 meqavat olan günəş, 38 meqavat bioenerji elektrik stansiyaları, həmçinin 32 meqavat gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 mlrd. kilovatt-saat olub ki, bunun 1,3 mlrd kilovatt-saatı su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payına düşüb. 

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb, müvafiq prosedurlardan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. 

"Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun elektrik enerjisi istehsalında bərpaoluna bilən enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını yaradır. Qanun, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan biri bərpaolunan enerji hərraclarının təşkilidir.

Bərpaolunan enerji mənbələrindən istifadəni inkişaf etdirmək məqsədilə, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kilovatt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub. 

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 meqavat olan külək elektrik stansiyası və 230 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılıb. Şirkətlərlə bu istiqamətdə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu 470 meqavatlıq stansiyaların təxminən 500 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu stansiyalardan illik 1,5 milyard kilovat-saat təmiz enerji istehsal ediləcək. Bu da karbon qazı tullantılarını 600 min ton azaltmağa kömək edəcək, eyni zamanda ildə 330 milyon ton kubmetr təbii qaza qənaət etməyə imkan verəcək.

“Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var”.  Bunu ölkə başçısı İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə bildirmişdi. Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, resurslardan səmərəli istifadə hökumətin prioritetlərindəndir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın “yaşıl” enerji zonasına çevrilməsi əsas yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi bərpaolunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır.

Cari ilin may ayında ölkə başçısı azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Sərəncam imzaladı. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara almışdır. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə enerji məsələlərinin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupu yaradılıb.

“Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.” Bu, Prezident İlham Əliyevin qətiyyətidir.

Prezident İlham Əliyevin Ağdamın bərpasının təməl daşının qoyulması mərasimində “Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq” bildirməsi təsadüfi deyil: Qarabağ regionu bərpaolunan enerji mənbələri nöqteyi nəzərindən çox zəngindir.

İlkin hesablamalara görə, burada günəş enerjisinin potensialı 4,000 meqavatdan, külək enerjisinin potensialı isə 500 meqavatdan, hidroelektrik potensialı isə 700 meqavatdan çoxdur.

Qeyd edək ki, günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsi “yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin günəş və külək potensialı böyükdür. Bu həm də həmin ərazilərdə istehsal olunan elektrik enerjinin digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovatt-saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması həyata keçiriləcək.

Azərbaycanın ən günəşli rayonlarından biri də Ağdamdır. Burada günəşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Gələcəkdə burada da günəş enerjisindən və digər bərpaolunan enerji mənbələrindən istifadə nəzərdə tutulur.

Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir. Təbii ki, bunlar ilkin qiymətləndirmələrdir. Günəş enerjisi potensialının olduğu ərazilərdə istehsal olunacaq enerji 500 milyon kilovatt-saat olaraq hesablanır ki, bu da 100 mindən çox ailənin elektrik enerjisi ilə təmin olunması deməkdir.

İşğaldan azad olunan ərazilərimizdə xarici şirkətlər ilə əməkdaşlıq, ölkəmizin iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, eyni zamanda erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin daha intensiv bərpası baxımdan vacibdir.

Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Qarşıda dayanan vəzifələrdən biri də termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir.

Bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də artıq müəyyən əməli addımlar atılır.

Bu ilin may ayında Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında müqavilənin imzalanması işlərin uğurla irəlilədiyinin daha bir təsdiqidir. Nazirliyin bu barədə məlumatında bildirilir ki, müqavilə işğaldan azad edilmiş ərazilərdə külək, günəş, hidro, geotermal və bioenerji kimi bərpaolunan enerji potensialından səmərəli istifadə, enerji səmərəliliyi texnologiyaları, müasir enerji idarəetmə yanaşmaları əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, sözügedən ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri əhatə ediləcək. Həmçinin bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və digər məsələlərə baxılacaq.

Cari ilin iyun ayında Böyük Britaniyanın bp şirkəti ilə Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Avropa şirkəti Qarabağdakı günəş elektrik layihələrinə 200 milyondan çox sərmayə yatıracaq. Bu, Qarabağa xarici sərmayənin cəlb edilməsi istiqamətində mühüm bir addım hesab edilir və bundan sonra da xarici investorların Qarabağda bərpaolunan enerji layihələrinə sərmayə yatırmağa cəlb edəcək. 

Qarabağda “yaşıl” enerji zonasının yaradılması dünya ölkələrinin diqqət mərkəzindədir. Azad edilmiş ərazilərin “ağıllı kənd” konsepsiyası əsasında qurulması xarici qonaqların və investorların marağını cəlb edir. Təsadüfi deyil ki, ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyətinin Zəngilan rayonu səfəri, layihədə alternativ enerjidən istifadəni yüksək qiymətləndirməsi bunu deməyə əsas verir.

Zəngilan rayonunun Birinci Ağalı kəndi Qarabağda, ümumiyyətlə Azərbaycanda ilk qurulacaq “ağıllı kənd” layihəsidir. Burada bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi bərpaolunan enerji mənbələri ilə təmin ediləcək.  Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak etməsi, bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi və Azərbaycanın dünya ölkələri arasında öz mövqeyini tutmasında vacib amildir.

Ağdam rayonu da “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq ”ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur.

Qarabağda bərpaolunan enerji layihələrini həyata keçirmək üçün dəvət olunan şirkətlər arasında Türkiyə şirkətləri də var. Qardaş ölkənin şirkətləri Laçın və Kəlbəcər rayonlarında bərpaolunan enerji layihələrini həyata keçirmək üçün dəvət olunub.

Azərbaycanın su ehtiyatlarının 25 %-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır. Qarabağda təkcə 140-150 meqavatadək kiçik su elektrik stansiyaların potensialı var. 

Qarabağ bölgəsində yüksək hidroenerji potensialı mövcuddur. Cəbrayıl rayonu ərazisində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları nəinki bölgənin enerji təminatında rol oynayaq, eyni zamanda ətraf rayonların su təminatını yaxşılaşdıracaq.

İşğaldan azad olunmuş ərazilərdə yeni elektrik stansiyaları tikilir, ermənilər tərəfindən dağıdılmış elektrik stansiyaları isə yenilənir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 meqavatt gücündə “Kəlbəcər-1” kiçik su elektrik stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Yeni kiçik və böyük su elektrik stansiyalarının tikilməsi, dağıdılmış stansiyaların bərpası Qarabağ bölgəsinin həm enerji həm də su təminatını yaxşılaşdıracaq.

Bərpaolunan enerji haqqında qanun layihəsinin təsdiqi Azərbaycanda bu sahənin inkişafı istiqamətdə atılmış ən vacib addımdır. İşğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulub. Qarabağda bərpaolunan enerji potensialının yüksək olması bölgənin “yaşıl enerji” zonasına çevrilməsi üçün vacib bir amildir. Bölgədə “yaşıl enerji”nin tətbiqinə su resurslarının istifadəsi vasitəsilə, eyni zamanda günəş və külək enerjisinin geniş şəkildə istifadəsi üçün müvafiq infrastrukturun yaradılması ilə mümkündür.

Ölkəmizin böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Təmiz və tükənməz enerjiyə keçid atmosferə atılan karbon emissiyalarının miqdarını da azaldacaq. Bundan başqa, elektrik enerjisi istehsalında əsas mənbə olan təbii qaza qənaət ediləcək. Təbii qaza qənaət olunması isə ixrac imkanını genişləndirərək, ölkənin valyuta gəlirlərini artıracaq. 

Bərpaolunan enerji mənbələri həm də təbii qazın çəkilişinin texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan məntəqələrin enerji tələbatı üçün həll yoludur.  Kəlbəcər və Laçın rayonlarının hündür dağlıq ərazi olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə daha səmərəli olar.  Yaşıl enerji zonasında yeni elektrik stansiyaların tikintisi məşğulluğun artmasına da töhfə verəcək. Bundan əlavə, azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi, bərpaolunan enerji potensialından istifadə Azərbaycanı yaşıl enerji ölkəsi kimi dünya ölkələri arasında öz yerini tutmasına imkan verəcək.  

Müəllif: Cavid Babayev


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *