"REN21" "Şəhərlərdə Bərpa Olunan Enerji 2021" hesabatını dərc edib

image

"REN21"in qlobal statuslu hesabatına görə, dünya əhalisinin 55 %-i şəhərlərdə yaşayır. "Berpaolunanenerji.az" REN21-ə istinadən xəbər verir ki, 2020-ci ilin nəticələrinə görə, dünyanın 799 şəhərinin 1,107 bərpa olunan enerji siyasəti mövcuddur. Əhalisinin cəmi 558 milyon nəfər olan dünyanın 72 ölkəsinin 834 şəhəri bərpa olunan enerji istifadəsində hədəflərini müəyyənləşdirib.

2019-cu ildə bərpa olunan enerji layihələrinə dünyanın 533 şəhəri investisiya edib. Asiya qitəsində Çin 15.2 milyard dollar, Yaponiya 16.5 milyard dollar, Hindistan 9.3 milyard dollar; Afrika və Orta Şərq regionunda 15.2 milyard dollar yatırım edilib. 

Hesabat ilində Latın Amerikasında bərpa olunan enerji layihələrinə 18.5 milyard dollar yatırım edilib. Bu regionda 4 ölkə: Braziliya 6.5 milyard dollar, Çili 4.9 milyard dollar, Meksika 4.3 milyard dollar və Argentina 2 milyard dollar yatırımla fərqlənirlər.

2019-cu ilin nəticələrinə görə, Avropa qitəsində bərpa olunan enerji mənbələrinə və texnologiyalarına 54.6 milyard dollar investisiya qoyulub. Qitə ölkələrindən İspaniya 8.4 milyard, Niderland 5.5 milyard, Birləşmiş Krallıq 5.4 milyard dollar yatırım edib.

Okeaniya regionunda bərpa olunan enerjiyə 5.4 milyard dollar, Şimali Amerikada isə 55.5 milyard dollar yatırım olunub.

Hesabatda qeyd olunur ki, 2020-ci ilin nəticəsinə görə, dünyanın 1,852 şəhəri iqlim dəyişikliyi üzrə deklarasiyanı imzalayıb. Bu şəhərlərin 1,493-ü yalnız deklarasiyanı imzalayarkən, 170-nin artıq iqlim fəaliyyəti ilə bağlı planları mövcuddur.

Hesabatda 2019-cu ildə elektrik istehsalında günəş (fotovoltaik), külək enerjisi və ümumi bərpa olunan mənbələrin payı daha çox olan şəhərlər açıqlanıb. Belə ki, İsveçin Erebru, ABŞ-ın Corctaun və Hindistanın Diu şəhərlərində bərpa olunan mənbələrin payı 100 % təşkil edir.

Elektrik istehsalında bərpa olunan enerji mənbələri payının daha çox olduğu şəhərlər arasında ABŞ-ın Denton şəhəri 83.8 % (günəş və külək enerjisi 83 %); Danimarkanın Qladsakse 77 % (günəş və külək enerjisi 52 %); Avstraliyanın Adelaida şəhəri 51 % (günəş və külək 51 %); Türkiyənin İstanbul şəhəri isə 32 %-lə (günəş və külək 5 %) qərarlaşıb.

Şəhərlərdə elektrikli nəqliyyat vasitələrinin payı araşdırmalarında maraqlı məqamlar qeydə alınıb. Dünya üzrə iki təkərli elektrikli nəqliyyat vasitələrinin sayı 300 milyon, üç təkərli elektrikli nəqliyyat vasitələrinin sayı 50 milyon, elektrikli maşınların sayı isə 7.2 milyon qeydə alınıb. Elektrikli avtobuslar 514,300 ədəd, elektrikli metrolar isə dünyanın 200 şəhərində mövcuddur. Elektrikli avtobusların 505 min ədədi Çində, 4,5 mini Avropada, 2,2 mini Şimali Amerikada qeydə alınıb. İngiltərənin London şəhərində isə 2,500-dən çox elektrikli taksilər fəaliyyətdədir. Hidrogenlə işləyən nəqliyyat vasitələrin sayı isə 22,350 ədəd qeydə alınıb.

Qlobal statuslu hesabatda həmçinin Böyük Səhradan cənubdakı Afrika şəhərlərində (Qara Afrika, eng. Sub-Saharan African) bərpa olunan enerji, elektrik enerjisi istehsalı, çirklənmə və digər vacib məqamlar qeyd edilmişdir.


Ətraflı: Renewables in Cities 2021 Global Status Report

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *