"Xudafərin" və "Qız qalası" SES-lərin inşası yekunlaşmaq üzrədir

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının (SES) tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub.

Renewables.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.

Nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası ilə bağlı məsələlərə də toxunulub.

Qeyd edək ki, Hər iki SES-in gücü İran tərəfi ilə birlikdə 280 MVt olacaq ki, bunun da 140 MVt-ı Azərbaycanın - 100 MVt “Xudafərin” SES-in, 40 MVt “Qız Qalası” SES-in payına düşür. Eyni zamanda stansiyalardan il ərzində 716 milyon kVt-saat (hər iki tərəf üçün 358 milyon kVt-saat) elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatında böyük rol oynayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *