Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri Ordubad-Marazad Su Elektrik Stansiyası (SES) layihəsi üzrə aparılmış işlərlə tanış olublar.
Renewables.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Bildirilib ki, Araz çayı üzərində gücü 36 MVt olan Ordubad SES-in ümumi tikinti işlərinin 60 %-i yekunlaşıb və davamı üçün İran tərəfindən işlərin aparılmasına əlavə imkanlar yaradılmalıdır.
Qeyd edək ki, hesablamalara görə, stansiyanın ildə 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.


