Azərbaycanın dənizdə külək enerjisi "yaşıl" hidrogenin inkişafının hərəkət verici qüvvəsinə çevrilə bilər

AZƏRBAYCAN
KÜLƏK
TƏMİZ HİDROGEN

image

Azərbaycan "yaşıl" enerjinin inkişafı istiqamətində mühüm addımlar atır və "yaşıl" hidrogen ölkənin gələcək enerji balansında əsas elementə çevrilməkdədir.

Renewables.az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Londonda keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və dayanıqlı bağlantı üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.

Soltanov ölkənin enerji sahəsindəki strategiyasından və bu strategiyanın bərpa olunan enerji mənbələrinə yönəldilməsindən danışıb. O etiraf edib ki, Azərbaycan hələ hidrogen texnologiyaları sahəsində lider deyil, lakin dəniz külək enerjisi potensialının yüksək olduğunu və bu sahənin "yaşıl" hidrogenin inkişafında mühüm rol oynaya biləcək.

“Biz artıq hidrogen, xüsusilə də "yaşıl" hidrogeni enerji saxlama sistemi kimi ciddi şəkildə nəzərdən keçirməyə başlamışıq. Enerjinin saxlanması sistemləri çox bahalıdır, lakin hidrogen bu baxımdan yaxşı xüsusiyyətlərə malikdir. Enerji çox olduqda və ondan istifadə mümkün olmadıqda, nəticədə enerji çatışmazlığı yarana bilər. Bəs bu artıq enerjidən istifadə edərək hidrogen istehsal edib, onu çatışmazlıq zamanı elektrik enerjisinə çevirmək və ya molekul şəklində ixrac etmək olarmı? Bizim ideyamız bu idi”, – deyə Soltanov izah edib.

Bundan əlavə, nazir müavini Azərbaycanın "mavi" hidrogen sahəsində də rəqabət üstünlüklərinə malik olduğunu bildirib. O, təbii qaz və karbonun tutulması və saxlanması üçün ideal sayılan tükənmiş neft yataqlarına istinad edib. “Bizim təbii qazımız var, karbonun tutulması və saxlanması üçün tükənmiş neft və qaz yataqlarımız mövcuddur. Lakin biz imkan daxilində məsləhətçilərimizi ekoloji cəhətdən təmiz enerjidən istifadəyə istiqamətləndirmişik”, – deyə o əlavə edib.

Soltanov həmçinin qeyd edib ki, dünyada baş verən dəyişikliklər Azərbaycanın "yaşıl" hidrogenlə bağlı gözləntilərinə də təsir göstərib:

“Beş il əvvəl bizim "yaşıl" hidrogendən gözləntilərimiz daha yüksək idi. Bu gün isə həmin gözləntilər dəyişib. Amma buna baxmayaraq, biz əməkdaşlıq etdiyimiz hər bir konsaltinq şirkətinə "yaşıl" hidrogenlə bağlı məsələləri daxil edirik. Xəzərin miqyasını və qeyd etdiyim infrastrukturu nəzərə alaraq, biz hesab edirik ki, uğur qazanmağımıza kömək edəcək ekosistem və simbiotik münasibətlər yarada biləcəyik”, – deyə o bildirib.

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycan enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji sektorunun müasirləşdirilməsi sahəsində qanunvericilik və normativ bazanı fəal şəkildə gücləndirir. 

Qəbul olunmuş qanunlar arasında o, xüsusilə bərpa olunan enerji mənbələri haqqında qanunu vurğulayıb.

“Biz 2030-cu ilə qədər bərpa olunan mənbələrdən əldə olunan gücün 30 faizi ötəcəyini gözləyirik. Əlbəttə ki, artıq 2028-ci ilə qədər bu göstəricinin təxminən 32 faizə çatmasını planlaşdırırıq”, - o əlavə edib.

Enerji səmərəliliyi haqqında qanundan danışan Soltanov onu ölkə üçün “keyfiyyətcə yeni” adlandırıb:

“Hazırda biz bir sıra qanun aktları üzərində işləyirik – binaların, məişət texnikasının sertifikatlaşdırılması, enerji auditi məsələləri üzrə, – deyə o izah edib. – Həmçinin biz enerji səmərəliliyi fondu yaratmışıq və bu fond dayanıqlı maliyyə bazasına malikdir: onun maliyyələşməsi fosil yanacaqlara tətbiq edilən vergi hesabına təmin olunur”.

Soltanov enerji səmərəliliyini “yeni enerji mənbəyi” adlandıraraq qeyd edib ki, sovet dövründən qalan səmərəsiz tikinti irsi fonunda bu sahədə böyük potensial mövcuddur:

“Bəli, bu bir çağırışdır, lakin eyni zamanda ciddi bir fürsətdir – çünki bu sahədə indiyə qədər demək olar ki, heç nə edilməyib. Biz bu istiqamətdə çox ruhlanmışıq. Artıq qarşıdakı aylarda, illəri demirəm, siz Energetika Nazirliyindən enerji səmərəliliyi ilə bağlı daha müntəzəm xəbərlər eşidəcəksiniz – digər mövzulardan daha çox”.



OXŞAR XƏBƏRLƏR