Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) “Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırılmasının (TİƏ) hazırlanması üçün 2 milyon ABŞ dolları məbləğində texniki yardım ayırıb.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov mətbuat konfransında məlumat verib.
O xatırladıb ki, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya-Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə dair saziş 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzalanıb. “Bu gün bu layihənin TİƏ üçün maliyyə ayrılması barədə qərar qəbul edilib. Üç ölkə ADB və AIIB ilə 2 milyon ABŞ dolları həcmində texniki yardım ayrılması haqqında saziş imzalayıb”, - nazir deyib.