"Siemens Energy" "Yaşıl Enerji Dəhlizi" layihəsinə HVDC çevirici yarımstansiyaları üzrə texnoloji həlləri araşdırır

24 Oktyabr 2026, 22:06 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image

"Siemens Energy" şirkəti olaraq Yaşıl Enerji Dəhlizi layihəsini yüksək qiymətləndiririk.

Renewables.az xəbər verir ki, bunu "Siemens Energy" şirkətinin Türkiyə, Mərkəzi Asiya və Qərbi Avropa üzrə vitse-prezidenti Maksim Zubov 22 oktyabrda Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.

"Bu, yerli bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli dəstək verən, olduqca iddialı beynəlxalq təşəbbüsdür. Hesab edirik ki, layihə Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə vermək və ölkələr arasında enerji əlaqələrini gücləndirmək baxımından geniş perspektivlər açır. Bununla yanaşı, layihə Azərbaycanın elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və inkişafı üçün də mühüm faydalar vəd edir. Yüksək gərginlikli sabit cərəyan (HVDC) texnologiyaları üzrə Avropanın aparıcı təchizatçılarından biri olaraq, layihəyə HVDC çevirici yarımstansiyaları üçün texnoloji həllərin təqdim edilməsi istiqamətində dəstək vermək imkanlarını araşdırırıq. Təsdiq edə bilərəm ki, texniki komandamız bu layihə üçün mümkün olan ən optimal texniki həllin hazırlanması məqsədilə sifarişçi, Yaşıl Enerji Dəhlizi layihəsinin nümayəndələri və layihələndirmə institutu ilə ətraflı müzakirələr aparır. Bizim fikrimizcə, bu layihə ölkələr arasında enerji əlaqələrinin genişlənməsinə və regionun inkişafına əhəmiyyətli töhfə verəcək".

Bəs şirkətimiz texniki həllərin təchizatı ilə yanaşı, layihəyə daha hansı istiqamətlərdə dəstək göstərə bilər? İlk növbədə, "Siemens Energy"nin Avropa şirkəti olduğunu vurğulamaq istərdim. Biz Avropada geniş müştəri və tərəfdaş şəbəkəsinə malikik. Bu baxımdan, Avropadakı potensial elektrik enerjisi alıcıları və müştərilərlə müzakirələrin təşkilinə və əlaqələrin qurulmasına dəstək verməyə hazırıq. Bununla da, layihənin uğurla həyata keçirilməsinə əlavə töhfə verə biləcəyimizə inanırıq", - müsahibədə bildirilib.

Qeyd edək ki, Almaniyanın "Siemens Energy Global GmbH & Co. KG" şirkəti və "Green Energy Corridor Power Company" (GECO) birgə müəssisəsi arasında Məxfilik Sazişi (NDA) imzalanıb. Məxfilik sazişi (NDA) - tərəflərdən birinin və ya hər ikisinin əldə etdiyi məlumatları üçüncü şəxslərə açıqlamamasını təmin edən hüquqi sənəddir. Tərəflər HVDC texnologiyasından istifadə edilməklə yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq edir.