240 MVt “Xızı-Abşeron”
Külək Elektrik Stansiyası
Hüquqi çərçivə
- 2020-ci il 9 yanvar tarixində Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında Xızı və Abşeron rayonlarının ərazisində 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə dair İcra müqaviləsi imzalanıb.
- 2020-ci il 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" 2366 nömrəli Sərəncam imzalayıb. 2020-ci il 29 dekabr tarixində “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli 2366 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 721s nömrəli Sərəncamı imzalanıb.
- 2020-ci il 29 dekabr tarixində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2021-ci il 30 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
- 2024-cü il 20 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.🛈
- 2024-cü il 27 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.🛈
“Xızı-Abşeron” KES-in tikintisi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli 19 nömrəli Qərarı ilə Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,0052 hektar, Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 6,1763 hektar, Xızı rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 3,7665 hektar və Xızı rayonu Sitalçay Bələdiyyəsinin mülkiyyətində 18,8293 hektar olmaqla, ümumilikdə 36,7773 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈
2024-cü ilin noyabr ayında stansiyada tikinti-quraşdırma işlərinə başlanılıb.🛈 İlk turbinlər Abşeron ərazisində inşa edilib.🛈
2025-ci ilin avqust ayında stansiya test rejimində enerji istehsalına başlayıb.🛈 2025-ci ilin noyabr ayında stansiyada turbinlərin quraşdırılması işləri başa çatdırılıb.🛈
Çindən Xəzər dənizinə, Azərbaycana qədər olan 9 200 km-lik daşınma marşrutu quruda külək enerjisi avadanlıqlarının daşınması üzrə qlobal rekord müəyyənləşdirib.🛈
Layihə çərçivəsində Xızı rayonunun Sitalçay qəsəbəsində hər birinin gücü 6,5 MVt olan 25 ədəd turbin, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində hər birinin gücü 6,5 MVt olan 12 ədəd turbin olmaqla ümumilikdə 37 turbin quraşdırılıb. Bir turbin təxminən 8 500 evin elektrik enerjisi tələbatını qarşılayır. Layihədə istifadə olunan model “Envision EN‑171/6.5” turbinidir. Turbin pərlərinin uzunluğu 84 metr, qüllənin hündürlüyü isə 100 metr təşkil edir.🛈
Eyni zamanda stansiyanın Xızı sahəsində 220/33 kV-luq yarımstansiya, 1 ədəd ölçü-müşahidə stansiyası və 13 ədəd quşların mühafizə sistemi, Abşeron sahəsində 220/33 kV-luq yarımstansiya, 1 ədəd ölçü-müşahidə stansiyası və 7 ədəd quşların mühafizə sistemi də quraşdırılıb. Ərazilərdə quraşdırılan detektor texnologiyası quşların qorunması məqsədilə tətbiq edilən qabaqcıl, süni intellektə əsaslanan həllərdən biridir. Bu sistem yüksək dəqiqlikli optik sensorlar və real vaxt rejimində görüntü analizi vasitəsilə turbinlərə yaxınlaşan quşları aşkar edir, tanıyır və onların uçuş trayektoriyasını izləyir. Qorunan quş növləri stansiyanın ərazisinə daxil olduqda, sistem avtomatik olaraq turbinlərin iş rejimini tənzimləyir və ya müvəqqəti dayandırır. Nəticədə, quşlarla toqquşma riski əhəmiyyətli dərəcədə azalır və stansiyanın ekoloji məsuliyyət prinsiplərinə uyğun fəaliyyəti təmin olunur. Bu isə biomüxtəlifliyin qorunmasına yönəlmiş yanaşmanı əks etdirir.
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası
Hüquqi çərçivə
- 2022-ci il 4 iyun tarixində
"Bakı Enerji Həftəsi" çərçivəsində Şuşa şəhərində Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 GVt
gücündə günəş və 1 GVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi,
inkişafı və həyata keçirilməsi ilə bağlı" İcra Müqaviləsi imzalanıb.🛈
- 2024-cü il 4 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında “Abşeron-Qaradağ” KES layihəsi üzrə “İnvestisiya müqaviləsinə Əlavə”, “Enerji alqı-satqı müqaviləsi”, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” və “Torpaq icarə müqaviləsi” imzalanıb.
70 MVt “Qaradağ” Külək Elektrik Stansiyası
2024-cü il 1 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
Yenilənib: Oktyabr 2026