Azərbaycanın enerji sektorunda yeni mərhələni simvolizə edən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) hazırda ölkənin və Qafqaz regionunun ən böyük külək stansiyasıdır. Layihənin icraçısı Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir və stansiyanın tikintisi tamamilə xarici investisiyalar hesabına həyata keçirilib.
Stansiya üçün ümumilikdə 37 hektar torpaq sahəsi ayrılıb:
- Abşeron rayonu: 14,2 hektar;
- Xızı rayonu: 22,6 hektar.
Stansiyanın gücü isə bu ərazilərə uyğun olaraq bölünüb:
- Abşeronda: 12 turbin, ümumi güc 78 MVt;
- Xızıda: 25 turbin, ümumi güc 162 MVt.
Bu turbinlərin hər biri 6,5 MVt gücündədir, yəni bir turbin təxminən 8 500 evin elektrik enerjisi tələbatını qarşılayır. Layihədə istifadə olunan model “Envision EN‑171/6.5” turbinidir. Turbin pərlərinin uzunluğu 84 metr, qüllənin hündürlüyü isə 100 metr təşkil edir. Bu ölçülər turbinin daha çox külək enerjisini tutmasını və stansiyanın ümumi effektivliyini artırır.
Layihənin maliyyələşdirilməsi üçün təxminən 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb olunub. Bunun bir hissəsi isə beynəlxalq maliyyə institutları tərəfindən təmin edilib:
- Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD): 197,1 milyon ABŞ dolları;
- OPEC İnkişaf Fondu: 50 milyon ABŞ dolları.
“Xızı-Abşeron” KES-in istismara verilməsi Azərbaycanın elektrik enerjisi istehsalında, xüsusilə də külək enerjisi üzrə keyfiyyətcə yeni mərhələ yaradacaq. 240 MVt gücə malik bu stansiyanın illik istehsal potensialı təxminən 1 milyard kVts təşkil edir ki, bu da ölkədə son illərdə külək enerjisindən əldə olunan ümumi istehsalı dəfələrlə üstələyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 11 ayı ərzində külək enerjisindən istehsal olunan elektrik enerjisinin həcmi təxminən 100 milyon kVts olub. “Xızı-Abşeron” KES-in tam gücü ilə fəaliyyətə başlaması nəticəsində külək enerjisi istehsalı təxminən 9-10 dəfə arta bilər. Bu isə külək enerjisinin, ümumilikdə bərpa olunan enerjinin ölkənin ümumi elektrik balansındakı payını əhəmiyyətli dərəcədə yüksəldəcək.
Stansiyanın tikintisi zamanı işçilərin 80 %-dən çoxu, istismar zamanı isə 95 %-i yerli mütəxəssislərdir. Bu, Azərbaycanın yaşıl enerji sektorunda yerli kadr potensialının inkişafına böyük töhfə verir. Eyni zamanda, layihə qabaqcıl texnologiyaların tətbiqi üçün də imkanlar yaradır ki, bu da ölkənin dayanıqlı enerji strategiyasının həyata keçirilməsində önəmli rol oynayır.
Stansiyanın fəaliyyətə başlaması karbon emissiyalarının azaldılması və ətraf mühitə təsirlərin minimuma endirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Stansiyada istehsal olunacaq illik təxminən 1 milyard kilovat-saat elektrik enerjisi:
- 220 milyon m³ təbii qazın qənaətinə imkan verəcək,
- 400 min tondan artıq CO₂ emissiyasının qarşısını alacaq,
- 300 min evi elektrik enerjisi ilə təmin edəcək.
Ərazilərdə quraşdırılan detektor texnologiyası quşların qorunması məqsədilə tətbiq edilən qabaqcıl, süni intellektə əsaslanan həllərdən biridir. Bu sistem yüksək dəqiqlikli optik sensorlar və real vaxt rejimində görüntü analizi vasitəsilə turbinlərə yaxınlaşan quşları aşkar edir, tanıyır və onların uçuş trayektoriyasını izləyir. Qorunan quş növləri stansiyanın ərazisinə daxil olduqda, sistem avtomatik olaraq turbinlərin iş rejimini tənzimləyir və ya müvəqqəti dayandırır. Nəticədə, quşlarla toqquşma riski əhəmiyyətli dərəcədə azalır və stansiyanın ekoloji məsuliyyət prinsiplərinə uyğun fəaliyyəti təmin olunur. Bu isə biomüxtəlifliyin qorunmasına yönəlmiş yanaşmanı əks etdirir.
“Xızı-Abşeron” KES, Azərbaycan üçün sadəcə bir enerji layihəsi deyil. Bu, yaşıl enerji strategiyasının, dayanıqlı inkişafın və beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. Layihə ölkənin iqlim dəyişikliyi üzrə öhdəliklərinin yerinə yetirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Cavid Babayev
