Abid Malik: "Acwa" Azərbaycanda hidrogen layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır" – MÜSAHİBƏ

AZƏRBAYCAN
TƏMİZ HİDROGEN

image

Mərkəzi Asiya və Qafqazın enerji mənzəri bu gün fundamental transformasiyaya uğrayaraq ənənəvi resurs mərkəzindən qlobal "yaşıl" iqtisadiyyatın əsas həlqəsinə çevrilir. Bu dəyişikliklərin mərkəzində Xəzər regionunun potensialını Avropa bazarının artan ehtiyacları ilə əlaqələndirməyə qadir vahid enerji dəhlizinin yaradılmasının təməlini qoyan Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı dayanır.

"Acwa" şirkətinin Mərkəzi Asiya üzrə regional prezidenti Abid Malik "Report"a müsahibəsində iki regionun külək enerjisi güclərinin inteqrasiyası, hidrogen texnologiyalarının inkişafı və yerli istehsal zəncirlərinin yaradılmasının Avrasiyanın yeni enerji xəritəsini necə formalaşdırdığı barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Cənab Malik, məsul olduğunuz regionların həm Mərkəzi Asiyanı, həm də Qafqazı əhatə etdiyini nəzərə alsaq, vahid "yaşıl enerji" dəhlizinin formalaşmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? "Acwa" Özbəkistandakı genişmiqyaslı külək enerjisi portfelinizi şirkətin Azərbaycandakı fəaliyyəti ilə fiziki və ya kommersiya baxımından əlaqələndirə biləcək layihələri araşdırırmı?

- Biz həm Özbəkistanda, həm də Azərbaycanda layihələr həyata keçiririk. Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər müvafiq qurumlarla Azərbaycan və Gürcüstandan Avropa bazarlarına elektrik enerjisinin ixracı mövzusunda sıx əməkdaşlıq edirik. Bu istiqamətdə işlər artıq sürətlə davam edir.

Hazırda Azərbaycan hökuməti müvafiq konsorsiumla birlikdə texniki-iqtisadi əsaslandırmaların (TİƏ) hazırlanması ilə məşğuldur. Bu araşdırmalar başa çatdıqdan sonra biz investisiya perspektivlərinin təhlili və bu layihənin reallaşdırılmasında Azərbaycana dəstək olmaq üçün fəal əməkdaşlığı davam etdirməyi planlaşdırırıq.

- Siz regional layihələriniz çərçivəsində lokallaşdırmanın vacibliyini dəfələrlə vurğulamısınız. 240 MVt gücündə "Xızı-Abşeron" külək enerjisi layihəsi istismara verildikdən sonra Azərbaycanda "Acwa"nın Xəzər və Mərkəzi Asiya regionlarındakı layihələrini dəstəkləyə biləcək regional xidmət mərkəzlərinin və ya komponent istehsalı sahələrinin yaradılması imkanı nəzərdən keçirilirmi?

- Fəaliyyət göstərdiyimiz regiondan və ya dövlətdən asılı olmayaraq, əsas vəzifəmiz həmin ölkənin gənclərinin peşəkar inkişafına, həmçinin yerli istehsalçılara, xidmət şirkətlərinə və podratçı təşkilatlara dəstək olmaqdır. Təmsil olunduğumuz hər hansı bir dövlətdə təklifləri cəlbedici, qiymət baxımından rəqabətqabiliyyətli və keyfiyyət standartlarına uyğun olan, o cümlədən xaricdə fəaliyyət göstərmək istəyən podratçılarla qarşılaşdıqda, onları mütləq şəkildə işə cəlb edirik.

Beləliklə, bu regionlarda Azərbaycan, Özbəkistan və ya Türkiyənin podratçı təşkilatlarının cəlb edilməsində bizim üçün heç bir maneə yoxdur. Əsas meyarlar rəqabətqabiliyyətli qiymət, etibarlılıq və yüksək səviyyəli xidmətlərin təmin edilməsidir.

- Özbəkistanda "Acwa"nın hidrogen təşəbbüslərinin başlamasından sonra Azərbaycanda analoji pilot layihənin yaxın gələcəkdə icrası nə dərəcədə mümkündür? Sizcə, Azərbaycanın mövcud boru kəməri infrastrukturu Avropa İttifaqına (Aİ) hidrogen tədarükü üzrə regional rəqabətdə ölkəyə strateji üstünlük qazandırırmı?

- Əminik ki, hidrogen gələcəyin enerji daşıyıcısıdır. Məhz bu səbəbdən biz NEOM layihəsi çərçivəsində dünyada ən genişmiqyaslı "yaşıl hidrogen" istehsalı obyektlərindən birini inşa edirik.

Hər bir dövlət, o cümlədən Azərbaycan hazırda daxili bazarda "yaşıl hidrogen"in istifadəsi perspektivlərini və onun mümkün ixracını təhlil edir. Bununla əlaqədar biz Azərbaycan və digər ölkələrlə əməkdaşlığı davam etdirir, Azərbaycan da daxil olmaqla bütün dünyada hidrogen layihələrinə investisiya qoyuluşu imkanlarını araşdırırıq.

- Azərbaycan Xəzər dənizində dəniz külək enerjisi sahəsində 150 GVt-dan çox həcmdə böyük texniki potensiala malikdir. "Acwa" gələcəkdə dəniz zonaları ilə bağlı tenderlərdə iştirak etməyi planlaşdırırmı?

- Artıq "Acwa" ilə Azərbaycan arasında ofşor külək enerjisinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb, buna görə də cavab birmənalı şəkildə müsbətdir. Biz belə layihələrin texniki və iqtisadi cəhətdən reallaşdırılması mümkünlüyünün qiymətləndirilməsi məsələlərində Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək niyyətindəyik.

Bildiyimiz kimi, gələcəkdə dəniz külək enerjisi potensialından Avropa bazarına elektrik enerjisinin tədarükü üçün istifadə edilə bilər.



OXŞAR XƏBƏRLƏR